Finss.az - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və Almaniyanın “Hertie School” Universitetinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal Akademiya”nın növbəti səfəri Səudiyyə Ərəbistanına olub.
“Rəqəmsal transformasiya və dövlət sektorunda səmərəlilik” mövzusuna həsr olunmuş sessiyada Azərbaycanın dövlət qurumlarının nümayəndələri və Səudiyyə Ərəbistanının rəqəmsallaşma üzrə aparıcı ekspertləri iştirak ediblər.
Səfərin əsas məqsədi Səudiyyə Ərəbistanının rəqəmsal transformasiya strategiyası və rəqabətqabiliyyətli rəqəmsal ekosistemin inkişafı sahəsində əldə etdiyi təcrübəni öyrənmək olub. Azərbaycan tərəfi ölkənin rəqəmsal inkişaf yanaşmalarını və tətbiq etdiyi rəqəmsal həlləri təqdim edərək, bu təcrübələrin Səudiyyə Ərəbistanında tətbiqinin perspektivlərini müzakirə edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsinin nəzdində yaradılmış “Innovation Hub” ilə tanışlıq turu keçirilib. Ayrıca, Data və Süni İntellekt üzrə İdarə ilə tədqiqat və innovasiya təşəbbüsləri, tənzimləyici çərçivələr və siyasət mövzularında müzakirələr aparılıb.
Həmçinin, Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və “KAPSARC” təşkilatlarında da görüşlər keçirilib. Bu görüşlərdə enerji sektorunda rəqəmsal transformasiya, dövlət şirkətlərində rəqəmsallaşma siyasəti və süni intellektin tətbiqi məsələləri müzakirə olunub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında rəqəmsal təcrübə mübadiləsi məqsədilə nəticəyönümlü müzakirələr aparılıb. O, Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın rəqəmsal həllərinə, xüsusilə də rəqəmsal sənəd dövriyyəsinə marağın olduğunu vurğulayıb və bu sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, “Rəqəmsal Akademiya”nın strateji sessiyalarında və səfərlərdə indiyədək 43 dövlət qurumundan 70 nəfər rəhbər kadr iştirak edib. Proqram çərçivəsində daha əvvəl Almaniya və Sinqapura səfərlər təşkil edilib. Bu təşəbbüsün məqsədi dövlət sektorunda rəqəmsal transformasiya və səmərəliliyin artırılmasına yönəlik yeni təcrübələrin mübadiləsidir.