RU

Azərbaycanda kazinolar açılarsa... - Nə qazanar, nə itirərik?

“Nədənsə son günlər kazinolarla bağlı sualların ardı-arası kəsilmir. Görünür ictimai rəy öyrənilir”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanda kazinoların açılması ehtimalından danışarkən bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər.

“Məsələn, Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı”, - ekspert deyib.

Bəs kazinolar Azərbaycana nə verə, nəyi əlimizdən ala bilər?

“Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər. Otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullarını leqallaşdıra bilər”, - Eldəniz Əmirov vurğulayıb.

İqtisadçı bildirib ki, əgər kazinolar açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir:

“Eyni zamanda risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur.
Buna görə də bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır. Qumar oynayan şəxslərə məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s.) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır.
Əlqərəz, əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq”.

A.Qorxmaz

Избранный
0
10
modern.az

10Источники