AZ

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.

 

Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə qədər reallığa yaxındır? Bu hansı nəticələr doğura bilər?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov bu sahənin düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə biləcəyini deyib.

 

 

O, bu fikirləri qonşu ölkələrin təcrübəsinə əsaslanaraq bildirib. Ekspertin sözlərinə görə, kazinolarla bağlı qonşu ölkələrdə fərqli yanaşma tətbiq olunub. Belə ki, Gürcüstan turizm cəlbediciliyini artırdı, Qazaxıstanda zonalaşdırma tətbiq olundu, Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı.


İqtisadçı nəzərə çatdırıb ki, Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər:

 

“Otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullarını leqallaşdıra bilər. Amma əgər kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir. Eyni zamanda, risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur”. 

 

E.Əmirov qeyd edib ki, bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır:

 

“Oynayan şəxslərin məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s.) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, onların reklamına ciddi nəzarət olunmalıdır. Əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq”.

 

Firuzə Əliyeva

Sfera.az
 

Seçilən
0
7
sfera.az

10Mənbələr