"Döyüşə getmək maliyyə qərarıdır, ortada ölkə naminə qəhrəmanlıq duyğusu yoxdur..."
Sosioloqlar rusiyalılar arasında müharibəyə dəstəyin yüksək olduğu iddiasını şübhə altına alır, çünki respondentlər əks fikirlərini ifadə etməyə qorxurlar.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiyada paranoidal vətənpərvərlər Putinin Ukraynaya qarşı başlatdığı amansız müharibədən qorxurlar. Rejim qələbə kultu yaradıb, lakin cəmiyyətdəki ab-hava getdikcə daha qaranlıq və bədbindir, - nəşr yazır.
Aleksandr adlı rus kişi pəncərəsindən nasist Almaniyası üzərində qələbənin 80 illiyi münasibətilə keçiriləcək paradda məşqləri izləyir: vətənpərvər mahnılar səslənir, sovet və Rusiya bayraqları asılır, əsgərlər küçələrdə sıra ilə keçir. Evinin yaxınlığında isə Ukrayna müharibəsinə cəlbetmə elanları var: 1,9 milyon rubl birdəfəlik ödəniş və illik 5,2 milyon maaş vəd edilir.
İkinci Dünya müharibəsindən fərqli olaraq, bugünkü müharibəni əsasən muzdlu ordu aparır. Ukrayna kəşfiyyatına görə, 140-180 min məhbus döyüşlərə cəlb olunub. Politoloq Kirill Roqov izah edir: "İnsanlar başa düşür ki, döyüşə getmək maliyyə qərarıdır... ortada ölkə naminə qəhrəmanlıq duyğusu yoxdur".
27 yaşlı alim Aleksandr deyir ki, Rusiyanın hərəkətlərinə görə "daimi günah hissi" keçirir. Qələbə Günü onun üçün artıq xatirə deyil, utanc mənbəyidir: "Uşaqlığımda bu gün veteranların bayramı idi. İndi isə bu, əsas təbliğat günüdür".
Putin qələbə kultunu dövlət ideologiyasının mərkəzinə çevirib. Bu ideologiya xalq arasında "qələbə məstliyi" adlandırılır. Eyni zamanda, hökumət gəncləri hərbiləşdirir: 2024-cü ildə "Yunarmiya" təşkilatına ayrılan büdcə maliyyə çətinliklərinə baxmayaraq ikiqat artırılıb.
Rəsmi sorğular müharibəyə 70-80 faiz dəstək olduğunu göstərsə də, ekspertlər bu rəqəmlərə inanmır, çünki respondentlər qorxu içindədir. Roqov deyir ki, əksəriyyət müharibəni passiv şəkildə dəstəkləyir, lakin "özünü ona görə məsul saymır". Onların vətənpərvərliyi Kreml təbliğatından fərqlənir: "Onlar bu müharibənin səbəbini anlamır. Onlar bunu Putinin savaşı sayır".
Sosioloq Marina qeyd edir ki, hətta əvvəlcə müharibəyə qarşı olanlar arasında belə indi apatiya hökm sürür: "İnsanlar anlayır ki, heç nəyə təsir edə bilmir və buna görə də bu barədə düşünməməyi seçiblər".
Vilayətlərdə rusiyalıların müharibəyə münasibətinin necə dəyişdiyi aydın görünür: əvvəllər ianələr yığır, maskalanma torları toxuyurdular, indi isə heç xatırlamırlar. Təbliğat tədbirləri boş keçir. Müharibə "ezamiyyət" adlandırılır, orada pul qazanırlar.
Repressiyalar hər cür müqaviməti boğur. Müxalifət darmadağın edilib, media "xarici agent" elan olunub. Daira Kozıreva yalnız Şevçenkonun şerinə görə 3 ilə yaxın həbs cəzası alıb. 24 yaşlı müəllimə İrina deyir ki, "hər sözü süzgəcdən keçirir". O, hətta ailəsi ilə də müharibədən danışmır, çünki atası Putini dəstəkləyir. Qız əlavə edir: "Bu son üç il boynumdakı ilmə kimi keçib".