RU

Azərbaycan millisinin baş məşççisi: "Qubadakı turnir EYOF və Avropa çempionatı üçün seçim yarışı idi"

Qubada keçirilmiş yeniyetmə cüdoçular arasında Avropa Kuboku Avropa Gənclər Olimpiya Festivalı (EYOF) və Avropa çempionatı üçün seçim yarışı idi.

Bunu "Report"a açıqlamasında yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşççisi Emin İskəndərov deyib.

O, turnirin çox yaxşı təşkil olunduğunu bildirib:

"Rusiya cüdoçularının, Qazaxıstan və Gürcüstan millilərinin gəlməsi yarışın səviyyəsini artırdı. Bu, Avropa Gənclər Olimpiya Festivalı və Avropa çempionatı üçün seçim turniri idi. Heyət bəllidir, amma müəyyən çəkilər var ki, onlarla bağlı qərar verdik. Respublika çempionatında nəticə əldə edənlərin, demək olar ki, hamısı Qubada iştirak edirdi. Əsas heyət üzvlərinin əksəriyyəti nəticə əldə etdilər. İdmançı sayımızın çox olması isə ölkə birinciliyində 5-7-ci yeri tutanların da qatılması ilə bağlı idi. Onlardan da ikisi nəticə qazandı. Yaxşı çıxış edənlər də oldu. Bir sözlə, təcrübə əldə etdilər".

E.İskəndərov Azərbaycan cüdoçularının əsas rəqiblərinin Rusiya təmsilçiləri olduğunu söyləyib:

"Final bloklarında da əsasən onlarla üz-üzə gəlirdik. Avropa Kubokunda 2009-cu ildən olanlara da təcrübə qazanmaları üçün şans verdik".

Baş məşqçi iyunda Şimali Makedoniyada təşkil olunacaq EYOF və Avropa çempionatında da yaxşı nəticə əldə etmək istədiklərini sözlərinə əlavə edib:

"İşin gedişatına, idmançıların durumuna baxdıqda, yaxşı nəticələrə ümid edirik. Amma bu, idmandır. Hər şey ola bilər. Qarşıdakı turnirlərdə daha çox medal qazanmaq niyyətindəyik".

Qeyd edək ki, 18 medal (3 qızıl, 6 gümüş və 9 bürünc) qazanan Azərbaycan yığması Avropa Kubokunda komanda hesabında ikinci yeri tutub. Ölkəni yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edib.

Избранный
0
1
report.az

2Источники