Kliniki Tibbi Mərkəzdə (KTM) katarakta və digər ön seqment əməliyyatlarının icrasına başlanılıb. İlk dəfə olaraq burada kiçik kəsikdən fakoemulsifikasiya üsulu ilə katarakta cərrahiyyəsi uğurla həyata keçirilib.
Əməliyyat 70 yaşlı kişi pasiyent üzərində aparılıb. O, hər iki gözündə az görmə şikayəti ilə KTM-ə müraciət edib. Müayinələr zamanı pasiyentə psevdoeksolyativ material, dar bəbək və ağırlaşmış nüvə kataraktı diaqnozu qoyularaq əməliyyata cəlb olunub.
Cərrahi müdaxilə KTM-in oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilib. Əməliyyat zamanı Bausch + Lomb fakoemulsifikasiya cihazı və Leica M822 mikroskopundan istifadə olunub. Xəstənin gözünə ABŞ istehsalı olan Alcon intraokulyar linza implantasiya edilib və əməliyyat uğurla tamamlanıb. Pasiyent tam sağaldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdə icrası başlayan katarakta və digər ön seqment əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində pulsuz şəkildə həyata keçirilir.
Əlavə məlumat üçün bildirək ki, istifadə olunan Bausch + Lomb fako cihazı ultrasəs texnologiyası ilə bulanmış təbii bülluru mayeləşdirərək çıxarmağa imkan verir. Leica M822 isə oftalmoloji əməliyyatlarda, xüsusilə də katarakta və vitreoretinal prosedurlarda dəqiqliyi və görüntü keyfiyyətini təmin edən qabaqcıl cərrahi mikroskopdur.