
Kardiologiya mütəxəssisi Prof. Dr. Olcay Özveren xəbərdarlıq edir ki, ani ürək ölümü hər yaşda baş verə bilər və çox zaman heç bir simptom vermədən qəfil ortaya çıxır.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün koronar tomoqrafik angioqrafiya kimi müayinə üsullarından istifadə tövsiyə olunur.
“Hər yaşda risk var”
Ani ürək ölümlərinin səbəblərinin yaşa görə dəyişə biləcəyini bildirən Prof. Dr. Özveren qeyd edib:
“35 yaşdan aşağı şəxslərdə əsasən anadangəlmə ritm pozğunluqları və ürək əzələsi xəstəlikləri ön plandadır. 35 yaşdan yuxarı şəxslərdə isə infarkt və koronar damar tıxanıqlığı əsas səbəblər sayılır. Xüsusilə son dövrlərdə qeyri-sağlam həyat tərzinin yayılması və maarifləndirmənin artması bu riskin daha çox diqqət çəkməsinə səbəb olub”.
Bu simptomlara diqqət edin: sinə ağrısı, halsızlıq, huşun itməsi
Daha öncə heç bir ürək problemi olmayan insanlarda belə, məşq, gərginlik və ya pilləkən qalxarkən baş verən sinə ağrısı, təzyiq hissi, ürək döyüntüsü və huşun itməsi kimi hallar ciddi xəbərdarlıq ola bilər. Prof. Dr. Özveren bildirib ki, xüsusilə ailəsində qəfil ölüm halları olan şəxslərdə səbəbi bilinməyən huşun itməsi hallarına xüsusi diqqət yetirilməlidir.
Risk qrupundakılar mütəmadi olaraq yoxlanmalıdır
Prof. Dr. Özveren risk altında olan insanlara – ailəsində qəfil ürək ölümü olanlara, siqaret çəkənlərə, yüksək təzyiq və şəkər xəstələrinə – hər il EKQ, exokardioqrafiya və koronar tomoqrafik angioqrafiya kimi müayinələrdən keçməyi tövsiyə edir. Bu müayinələr vasitəsilə mümkün təhlükələr vaxtında aşkarlana bilər.
Tomoqrafik angioqrafiya ilə ani ölümlərin qarşısını almaq mümkündür
Son illərdə koronar tomoqrafik angioqrafiya, ürək-damar sağlamlığının qiymətləndirilməsində mühüm bir diaqnostik üsula çevrilib. Prof. Dr. Özveren bildirib:
“Hipertoniya, şəkər, siqaret vərdişi və ya ailədə erkən infarkt keçirmiş şəxslərdə damarlarda tıxanma və ya daralma kimi həyati təhlükəli hallar bu üsulla yüksək dəqiqliklə müəyyən edilə bilər. Bu müayinə hər kəsə rutin skrininq olaraq deyil, yalnız risk daşıyan şəxslərə və həkim məsləhəti ilə aparılmalıdır”.
Ritm pozğunluğu olanlar enerji içkilərindən uzaq durmalıdır
Enerji içkilərinin ritm pozğunluğu olan şəxslərdə ürək döyüntüsünü artıra və aritmiyalara səbəb ola biləcəyini deyən Prof. Dr. Özveren belə xəbərdarlıq edib:
“Bu içkilərin tərkibindəki yüksək kofein və teofillin bədəndə süni enerji yaratsa da, ritm pozğunluğu olan şəxslərdə qəfil ürək ölümü riskini artırır. Bu səbəbdən belə şəxslərə enerji içkilərindən və soyuq havalarda intensiv idmandan uzaq durmaları tövsiyə olunur. Xüsusilə yeməkdən dərhal sonra ağır fiziki fəaliyyət tövsiyə edilmir”.
Ani infarkt zamanı nə etməli?
Prof. Dr. Özveren ani infarkt halında ilk dəqiqələrin həyati əhəmiyyət daşıdığını vurğulayıb: “Əgər insan huşsuz vəziyyətdədirsə, onu düz səthə uzadaraq nəfəs və nəbzi yoxlanmalıdır. Nəbz yoxdursa, dərhal ürək-ağciyər reanimasiyası (CPR) başlanmalı və Təcili Yardım xidmətinə xəbər verilməlidir. Əsas həyat dəstəyi təlimləri cəmiyyətin həyatını xilas edə bilər”.
Tərcümə: Könül Oruc