Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin ictimai əhəmiyyətini bir daha təsdiqləyir
Bakı, 5 may, AZƏRTAC
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində yeni bir mərhələyə start verilir. 2022-ci ildən etibarən həyata keçirilən və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində mühüm mərhələlər uğurla başa çatdırılıb. Proqram ictimaiyyətin, xüsusilə də gənc nəslin Böyük Qayıdış prosesinə fəal şəkildə inteqrasiya olunmasını təmin edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramı formalaşdırılıb: “Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir”.
“Bu proses son dövrlərdə daha da sürətlənib. Həm təşkilati baxımdan, həm də gənclərin könüllülük fəaliyyətinə marağı baxımından proqram yeni mərhələyə qədəm qoyur. Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin davamlılığını və ictimai əhəmiyyətini bir daha təsdiqləyir. “Qayıdış Könüllüləri” təkcə könüllü proqramı deyil, eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərində həyatın yenidən bərpası, gənclərin vətənə bağlılığının gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir platformaya çevrilib”, - deyə Y.Vəliyev əlavə edib.