RU

Skype bu gündən rəsmi olaraq bağlanır

Texnologiya dünyasında bir dövr sona çatır. On ildən artıq müddətdə milyonlarla insanın gündəlik ünsiyyət vasitəsinə çevrilmiş “Skype” platforması bu gündən etibarən rəsmi olaraq fəaliyyətini dayandırır. Microsoft şirkəti bu qərarı artıq aylar öncə elan etmişdi, lakin bu gün – 5 may 2025-ci il tarixindən etibarən proses tam başa çatdı.

Tribunainfo.az xəbər verir ki, 2003-cü ildə istifadəyə verilən və 2011-ci ildə Microsoft tərəfindən satın alınan “Skype” uzun illər videozəng və onlayn ünsiyyət sahəsində lider platformalardan biri olub. Xüsusilə pandemiya dövründə milyonlarla insan üçün iş görüşmələri, dərslər və sosial əlaqələrdə mühüm rol oynayıb.

Microsoft-un verdiyi açıqlamaya görə, istifadəçilər artıq Skype əvəzinə “Microsoft Teams” platformasına yönləndiriləcək. Şirkət bildirir ki, Teams daha çox funksionallıq, təhlükəsizlik və inteqrasiya imkanları təklif edir. Bu səbəbdən, Skype-un infrastrukturu və əsas imkanları tədricən Teams-ə köçürülüb.

Bəs istifadəçilər nə etməlidir?

Skype hesabı olan istifadəçilər artıq bu platformaya daxil ola bilməyəcəklər. Mühüm məlumat və kontaktlarını qorumaq istəyənlər Microsoft Teams platformasına keçid edərək eyni Microsoft hesabı ilə fəaliyyətlərini davam etdirə bilərlər.

Bu dəyişiklik bir çoxları üçün nostalji hisslər doğurur. İllərlə sevdiklərimizlə görüntülü danışdığımız, uzaqdakı dostlarla əlaqə qurduğumuz, iş görüşmələri apardığımız Skype artıq tarixə qovuşur.

İmran Kərimli

Tribunainfo.az

Избранный
0
4
tribunainfo.az

10Источники