RU

1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...


Cavanşir Əliyev: “Texniki problem, sistemin dayanması adətən qəbulun ilk və sonuncu günündə müşahidə olunur”

Məlum olduğu kimi, mayın 1-dən etibarən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib. Ancaq hələ də valideynlər sistemə daxil olmağın mümkün olmadığını iddia edir. Onların dediyinə görə, sistem mütəmadi olaraq donur, daxil olmaq olmur. Bu problemlə bağlı çoxlu sayda valideyn narazılıq edir.

Təhsil eksperti Cavanşir Əliyev baki-xeber.com-a bildirdi ki, artıq neçə ildir ki, məktəblərə qəbul onlayn formada həyata keçirilir: “Bu sistem yeni olduğu üçün bəzən texniki problemlər yaşanır. Qeyd edim ki, qəbul prosesində heç bir insan faktoru yoxdur. Bütövlükdə elektron şəkildə həyata keçirilir. Onu da deyim ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçirilir. Uşağın və valideynin şəxsiyyətini təsdiq edən sənədlər vasitəsilə asanlıqla qeydiyyatdan keçə bilərlər. Burda heç bir qanun pozuntusu ola bilməz. Texniki problem, sistemin dayanması adətən qəbulun ilk və sonuncu günündə müşahidə olunur. Çünki ilk və sonuncu gün sistemə çox adam daxil olduğu üçün yüklənmə normadan artıq olur və sistem çökür. Yaxşı olar ki, valideynlər uşaqların məktəbə qeydiyyatını sonuncu günə saxlamasın. Hesab edirəm ki, yaxın müddət ərzində bu problem öz həllini tapacaq, sistemin daha dayanıqlı olması üçün müəyyən işlər görüləcək. Xatırladım ki, bu tək birinci sinfə qəbulda deyil, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində də müşahidə edildi və onda da texniki xətalar yarandı. Ümumiyyətlə, istənilən sahəyə onlayn qəbul keçirilməzdən qabaq sistemin dayanıqlığı, texniki sahəsində hər hansı bir problemin olub-olmaması dərindən araşdırılsın”.

Günel CƏLİLOVA

Избранный
0
baki-xeber.com

1Источники