RU

Pərviz Şahbazov: Avropa qaz tədarükü istəyirsə, uzunmüddətli müqavilələrə dəstək verməlidir

Nazir, Azərbaycan tərəfindən irəli sürülmüş yaşıl enerji interkonnektorları layihələri haqqında da məlumat verib.

Əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir.

Operativ Media xəbər verir ki, bu fikri o, İstanbulda keçirilən Təbii Sərvətlər Zirvəsi çərçivəsində təşkil olunan “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” adlı nazirlər sessiyasında çıxışı zamanı səsləndirib. 

Nazir qlobal enerji bazarındakı dəyişikliklər fonunda qaz hasilatına böyük sərmayələrin yalnız təminatlı və davamlı müqavilə bazasında mümkün olduğunu qeyd edib:  “Əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir. Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər.”

Nazir çıxışında Azərbaycanın enerji sektorundakı strateji roluna da toxunaraq, Türkiyə ilə həyata keçirilən ortaq layihələrin bu sahədəki əməkdaşlığı daha da dərinləşdirdiyini vurğulayıb. 2025-ci ildə Türkiyəyə təxminən 10 milyard kubmetr qaz tədarükü planlaşdırılır.

“Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir,” – deyə o bildirib.

Pərviz Şahbazov həmçinin qeyd edib ki, karbohidrogenlərə qarşı sərt siyasi yanaşmalar və ideoloji mövqelər qaz sektoruna investisiyaların azalmasına, infrastrukturun inkişafında ləngimələrə səbəb olur:

“Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək lüksümüz olmayacaq.”

Nazir, Azərbaycan tərəfindən irəli sürülmüş yaşıl enerji interkonnektorları layihələri haqqında da məlumat verib.

Bu layihələr çərçivəsində Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq həyata keçirilir:

“Bu layihələr təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerji layihələridir.”

 Sessiyanın moderatoru Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar olub. Tədbirdə həmçinin İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova ölkələrinin enerji nazirləri də iştirak ediblər.

Избранный
0
operativmedia.az

1Источники