“Atletiko” hücumçusu Anxel Korreanı satsa, “Liverpul”un forvardı Darvin Nunyeslə müqavilə imzalaya bilər.
Msport.az xəbər verir ki, “qırmızılar”ın forvardının alınması İspaniya klubunun ön xəttində yaranacaq mümkün problemlərin həlli kimi effektiv addım olaraq görülür. Lakin madridlilər bu mövqedə ciddi gücləndirmə üçün böyük məbləğlər xərcləməyə hazır deyillər.
İngiltərə çempionu isə Nunyesə növbəti mövsümün planlarına daxil olmadığını bildirib. Uruqvay millisinin üzvü ilə “Nottingem Forest” da maraqlanır. Ancaq “Atletiko” bu mübarizədə favorit sayılır.
“Liverpul” 2022-ci ildə Darvinə 75+25 milyon avro xərclədiyi üçün bu məbləğin bir hissəsini geri almağı istəyəcək. Klub hücumçunun icarəyə verilməsi və müəyyən göstəricilər əldə edildikdən sonra bu icarənin məcburi satın alma hüququna çevrilməsini nəzərdən keçirir. İngilislər yekunda 40-45 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Darvin Nunyes bu mövsüm Premyer Liqada 26 oyunda 5 qol vurub.