TBİLİSİ, 1 may. TELEQRAF
Bu gündən etibarən Rusiya və Gürcüstanın işğal altında saxlanılan Abxaziya arasında birbaşa aviareyslər bərpa olunur.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlk reysi “UVT Aero” şirkəti Vnukovo-Suxumi marşrutu üzrə yerinə yetirəcək.
Uçuşların bərpası mayın 3-nə planlaşdırılsa da, yüksək tələbə görə aviaşirkət mayın 1-nə əlavə reyslər təyin etməyə qərar verib.
Suxumi istiqamətinə uçuşları həmçinin “Ifly” şirkəti Moskvadan, “NordStar” şirkəti isə Moskva ilə yanaşı Krasnoyarskdan da həyata keçirəcək.
Qeyd edək ki, bu ilin fevralın 7-də Suxumi aeroportu Moskvadan ilk sərnişin təyyarəsini test rejimində qəbul edib. Hava limanı 1993-cü ildən fəaliyyət göstərmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Suxumi aeroportunu tanımır və ona məxsus kodu 2006-cı ildən ləğv edib. 2023-cü ildə hava limanının yenidən qurulması ilə bağlı Suxumi və Moskva arasında saziş imzalanıb.
Rəsmi Tbilisi Suxumi hava limanının istismarını qanunsuz hesab edir. Yayılan məlumatlara əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi ICAO-ya Rusiya aviaşirkətlərinə Suxumiyə reys yerinə yetirmələrini qadağan etməsi tələbi ilə müraciət ünvanlayıb.