Dünyanın ən yaxşı futbolçularından biri Lionel Messinin formasını geyindiyi ABŞ-ın "İnter Mayami" klubu CONCACAF Çempionlar Kubokunda finala yüksələ bilməyib.

Offsideplus.az xəbər verir ki, Mayami təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" komandası ilə bacarmayıb.

Birinci oyunda səfərdə 0:2 hesabı ilə uduzan "İnter Mayami" cavab görüşündə də məğlubiyyətlə üzləşib. 

Hərçənd hesabı 9-cu dəqiqədə Xordi Alba açıb. Lakin ikinci hissənin əvvəllərində 2 dəqiqəyə 2 qol vuran qonaqlar hesabda önə keçiblər. 71-ci dəqiqədə isə "Vankuver" yekun hesabı müəyyənləşdirib - 3:1.

Messi 90 dəqiqə çıxış etsə də, meydançası qolsuz tərk edib.

Maraqlıdır ki, bu oyundan bir neçə saat öncə Messinin əzəli rəqibi, təxminən son 20 ildə daima müqayisə olunduğu Kriştiano Ronaldu Asiya Çempionlar Liqasının yarımfinalında eyni uğursuzluq yaşayıb. Portuqaliyalı ulduzun oynadığı "Əl-Nəsr" evdə "Kavasaki Frontale"yə 2:3 hesabı ilə uduzaraq finalda iştirakdan məhrum olub.