RU

Qəzzalılar acından ölməmək üçün tısbağa əti, heyvan yemi və otla qidalanmağa məcburdur... FOTO + VİDEO

“Xarabalıqlar arasındakı satış məntəqələrində və bazarda heç nə yoxdur... 80 şekelə (22 dollar) yalnız iki kiçik çanta tərəvəz almaq olur, ət isə yoxdur...”
 
Bir il yarımdan çoxdur ki, İsrail tərəfindən ardıcıl olaraq genişmiqyaslı bombardman və piyada hücumlarına məruz qalan, eyni zamanda mühasirəyə alınmış və nisbi atəşkəsin olduğu son bir neçə ayda belə, ərzaq qıtlığından əziyyət çəkən Qəzza zolağındakı insanlar  nadir zülal mənbəyi kimi dəniz tısbağalarını yeməyə məcbur olurlar.
 
Moderator.az bu haqda “Əl-Cəzirə” və “Frans-press” agentliklərinə istinadla xəbər verir.
 
Tısbağanın qalın qabığı çıxarıldıqdan sonra ət doğranır, qaynadılır və soğan, bibər, pomidor və ədviyyatların qarışığında bişirilir.
“Uşaqlar tısbağadan qorxurdular, biz də onlara dedik ki, onun əti də dana əti kimi dadlıdır. Bəziləri məcburən iyrənə-iyrənə yedi, digərləri isə imtina etdi”, - deyə Məcidə Kənan qazanda odun üstündə qaynayan qırmızı ət tikələrini göstərərək bildirir.
 
Daha yaxşı alternativ olmadığına görə, 61 yaşlı Əbdəl Halim Kənan üçüncü dəfədir ki, köçkün olmuş və hazırda Qəzzanın ən böyük məhəlləsi Xan Yunisdə çadırda yaşayan ailəsi üçün tısbağa əsaslı yemək hazırlamağa məcburdur.
 
18 aylıq dağıdıcı müharibədən və martın 2-dən bəri İsrailin yardımı blokadasından sonra Birləşmiş Millətlər Təşkilatı Fələstin ərazisinin 2,4 milyon sakini üçün ağır humanitar vəziyyət barədə xəbərdarlıq edib.
 
İsrail “HƏMAS”-ı gələn yardımı yayındırmaqda günahlandırır, Fələstin silahlı qruplaşması isə bunu rədd edir.
 
12 böyük yardım təşkilatının rəhbərləri xəbərdarlıq ediblər ki, "aclıq sadəcə bir risk deyil, ehtimal ki, ərazinin demək olar ki, bütün hissələrində sürətlə yayılır".
 
Kənan bildirir ki,  xarabalıqlar arasındakı satış məntəqələrində və bazarda heç nə yoxdur”.
“80 şekelə (22 dollar) yalnız iki kiçik çanta tərəvəz almaq olur, ət isə yoxdur", - deyə o əlavə edir.
 
Dəniz tısbağaları nəsli kəsilməkdə olan növlər kimi beynəlxalq səviyyədə qorunur, lakin Qəzzada balıqçıların torlarında tutulan heyvanlar yemək üçün istifadə olunur.
Balıqçı Kənan "Biz heç vaxt tısbağa yeməyi gözləmirdik. Müharibə başlayanda ərzaq qıtlığı var idi. Yemək yoxdur. Deməli (tısbağa əti) digər protein mənbələri üçün alternativdir. Ət, quş əti, tərəvəz yoxdur", -deyə bildirir
 
O, tısbağaların İslam ayinlərinə uyğun olaraq “halal” üsulla öldürüldüyünü söyləyərək belə deyir:
 
“Qıtlıq olmasaydı, biz onu yeməzdik və tərk edərdik, amma zülal çatışmazlığını kompensasiya etməyə məcburuq...”
 
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi xəbərdarlıq edib ki, Qəzza 2023-cü il oktyabrın 7-də “HƏMAS”-ın İsrailə hücumu nəticəsində başlayan müharibədən bəri ən ağır humanitar böhranla üzləşib.
 
O vaxtdan bəri Qəzzada döyüşlər qızışıb, yalnız 2023-cü ilin noyabr ayının sonunda bir həftəlik fasilə zamanı və cəmi iki dəfə -  19 yanvar və 17 mart tarixləri arasında iki aylıq atəşkəs zamanı döyüşlər səngiyiib.
 
Ümumdünya Səhiyyə Təşkilatının regional rəhbəri Hanan Bəlxi iyun ayında bəzi Qəzzalıların həddindən artıq çarəsiz qalaraq heyvan yemi, ot yediklərini və kanalizasiya suyu içdiklərini söyləyir.

 

Sultan Laçın
 
Избранный
6
moderator.az

1Источники