RU

Səlçuk Karakılıç: İlham Əliyevin bu jesti əsl mədəni diplomatik addım idi

BAKI, 29 aprel. TELEQRAF

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi səfərləri əlamətdar hadisələrlə davam edir"

Bunu Teleqraf-a açıqlamasında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

"Bu mənada Prezident İlham Əliyevin bir ay müddətində, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, IV Antalya Diplomatiya Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin Prezidenti Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Bakıda Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon və nəhayət Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinin paytaxtı Pekində görüşüb.

Prezidentin apreldəki fövqəladə siyasi qrafiki əslində Azərbaycanın yeni dünya nizamında yerini müəyyənləşdirir. Bir müdət öncə ADA Universitetində “Yeni dünya düzəninə doğru” mövzusunda beynəlxalq forumda çıxışında və ona ünvanlanan suallara tam dolğun və əhatəli cavabında Prezident İlham Əliyev Azərbaycanın proseslərə olan birmənalı yanaşmasını bir daha ifadə edib. Sözsüz ki, bu, əlamətdar siyasi təşəbbüsdür".

Onun sözlərinə görə, ona görə də Azərbaycan Prezidentinin hər bir addımı əvvəlcədən düşünülmüş, planlaşdırılmış və təhlil edilmiş siyasətə əsaslanır: "Çünki o, daxili və xarici hadisələri nəzərə alaraq güclü siyasətə üstünlük verir. Şübhəsiz ki, qlobal dünyada heç bir dövlət bir-birindən asılı olmayaraq siyasət həyata keçirə bilməz. Bir sözlə, Prezident pandemiyadan sonra baş verən qlobal prosesləri mətanətlə təhlil etdi və “Mən də varam!” dedi. Həm regionda, həm də dünyada böhran baş verməsi fonunda yüksək intellekti ilə hadisələri idarə edən Prezident İlham Əliyev özünün qətiyyətini ortaya qoydu.

Zamanın ruhunu yenidən kəşf edərək reallaşdırılan siyasət Azərbaycanın və regionun sərhədləri ilə məhdudlaşmır. Prezident İlham Əliyev cəsarətli siyasətlə Azərbaycanı yenidən qurur və Azərbaycana vacib aktor kimi dünya miqasında öz varlığını hiss etdirir.

Öz növbəsində Prezident İlham Əliyevin aprel proqramı təsadüfi hazırlanmayıb. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin nə qədər diqqətlə işlədiyini göstərir. Azərbaycan diplomatları hadisələri şərh edərkən bir mərkəzi nəzərə alaraq tənqid etmirlərsə, bunda liderin böyük payı olduğu şübhəsizdir. Çünki Prezidentin analiz qabilliyyəti adi siyasətçidən qat-qat yuxarıda dayanır. Buna misal olaraq Prezident İlham Əliyev bir neçə gün ərzində Bakıda Avropanın müxtəlif liderlərini və nazirlərini qəbul etdi. Bunun nəticəsidir ki, Avropa Birliyi Azərbaycanı ciddi qəbul edir və onunla maraqlanır. Bunun fonunda Avropa Birliyinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla həyata keçirdiyi siyasətlə Azərbaycana qarşı göstərdiyi həssaslıq arasında ciddi fərq var. Qısaca desək, Azərbaycan güclü regional dövlətdir. Bu siyasətin müəyyənedicisi və rəhbəri Prezident İlham Əliyevdir ki, O, ölkəsini heç vaxt Avropa Birliyi qarşısında passiv, zəif və ya gücsüz bir imicdə təqdim etmir.

Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsindən çox zərər çəkib və hələ də narahatdır. Rusiya-Ukrayna müharibəsindən sonra enerji təchizatı və nəqli üçün etibarlı tərəfdaşa ehtiyacı olan Avropa Birliyinin Azərbaycanı yenidən kəşf etməsi və daha mülayim siyasət yürütməsi əbəs deyil. Çünki Avropa öz xeyrinə yaltaqlanmağı sevir. Öz növbəsində Rusiya isə Qafqazda və Avropada müharibə apara bilməz və ancaq prosesləri qızışdırmaqla təşviqat aparır. Bu gün Avropa Birliyinin əsas qorxusu Rusiya ekspansionizmi deyil, enerji təchizatı və təhlükəsizlik məsələsidir".

S.Karakılıçın fikrincə, Azərbaycan etibarlı tərəfdaş, müasir və sabit dövlət kimi Avropa Birliyinin diqqətini cəlb edir: "Avropa Birliyinə üzv ölkələrin dövlət başçılarının, nümayəndələrinin Bakıya tez-tez gəlmələri də diqqətçəkən məqamdır. Təbii ki, bu, təkcə neft və qaz təchizatı üçün deyil, Azərbaycanın strateji mövqedə yerləşməsi, İpək Yolunun yenidən qurulması, Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı, Çinin dünya bazarında dayanılmaz yüksəlişi, Bakı-Ankara xəttinin güclü dialoqu və Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi amillərlə bağlıdır.

Bundan sonra Avropa İttifaqı fərqli bir Azərbaycan görəcək. Çünki bu gün Avropada həm siyasət, həm də siyasətçilər bitib-tükənib. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev gənc və məhsuldar siyasətçi kimi siyasətini başqasının öhdəsinə buraxmadan özü müəyyən edir və həyata keçirir. Bu güclü siyasət Azərbaycanın regiondakı və dünyada mövqeyini gücləndirir.

Azərbaycan Qafqazda sıradan bir dövlət olsaydı, belə bir qlobal siyasət qurmağa çalışardı, yoxsa enerjisini belə genişmiqyaslı siyasətə sərf edərdi? Dövlətlər öz real siyasətləri və strateji mövqeləri, tarix və sivilizasiyanın onlara qoyub getdiyi miras sayəsində iddialı olurlar. Təbii ki, o dövlətlərin suverenliyində söz sahibi olan inzibati təbəqə və əsl rəhbər iddiasız və passiv dövləti həm daxildə, həm də xaricdə hörmətli, zəngin, dinamik və güclü edir. Azərbaycan liderinin 20 illik siyasətini yalnız belə xülasə edə bilərik. Bu, sakit gücü ehtiva edir. Bu “sakit güc” Azərbaycanı regionun ən zəngin və ən nüfuzlu ölkəsinə çevirəcək. Çünki Azərbaycan böhranları çox yaxşı idarə edərək fürsətə çevirməklə, döyüşmədən, problem yaratmadan həll edir. Ağaclara görə meşəni görə bilməyənlər Prezident İlham Əliyevin hara getməyə çalışdığını başa düşə bilmirlər. Zirvələri ancaq zirvə görür!".

Səlçuk Karakılıç onu da qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə aprelin 23-də Çinin paytaxtı Pekində görüşən Prezident İlham Əliyev Azərbaycanı regionda fəal və nüfuzlu dövlətə çevirməyi qarşısına məqsəd qoyub: "Yalnız qaz və neft ixrac edən ölkə imicini qəbul etməyən prezident böyük bir idealı həyata keçirmək niyyətindədir.

Bu baxımdan 1,5 milyard əhalisi olan Çin Xalq Respublikası ilə 10 milyon nəfərdən ibarət Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi tarixi müqavilədir. Bir çox şərhçilər Azərbaycan və Çin arasında vizaların qarşılıqlı ləğvinə diqqət yetirsələr də, bu, kiçik bir detaldır. Müqavilənin ən mühüm və diqqətçəkən cəhəti odur ki, iki müstəqil ölkə müstəqilliklərini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqda bir-birini qətiyyətlə dəstəkləyəcək. Yəni Azərbaycan Tayvanın Çin ərazisinin tərkib hissəsi olduğunu, Çin isə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir. Bundan başqa, Çin Azərbaycanın sülh gündəmini qətiyyətlə dəstəklədiyini bildirir və “münaqişə yönümlü geosiyasi oyunların əks effekt verəcəyini” bəyan edir.

Bu müqavilə ilə iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu o deməkdir ki, BMT-yə üzv olan ən böyük dövlətlərdən biri kimi Çin beynəlxalq aləmdə Azərbaycana dəstək vəd edir. Şübhəsiz ki, bu tarixi uğur Prezidentin fövqəladə səyləri nəticəsində əldə edilib.

Eyni zamanda Azərbaycanla Çin arasında ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım iki ölkənin maraqlarını qorumaq məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, vacibdir, lakin diqqət yetirilməli olan ən vacib cəhət siyasi məsələdir ki bu da müstəqillik, suverenlik, ərazi bütövlüyü və təhlükəsizliklə bağlıdır.

Prezident İlham Əliyevin Pekində Çinin CGTN (Çin Qlobal Televiziya Şəbəkəsi) televiziyasına verdiyi müsahibədə də diqqətəlayiq mədəniyyət diplomatiyası həyata keçirilib. Prezidentin televiziya proqramında Azərbaycana xas olan çay stəkanından limonlu çay içməsi, şübhəsiz ki, mədəni diplomatik manevr idi. Üstəlik, Prezidentin Azərbaycandan gətirilən suyu təbliğ etməsi Çində Azərbaycana rəğbətin yaranmasında mühüm rol oynayıb.

Sözsüz ki, kiçik detallar həmişə böyük nəticələr verir. Diplomatiya təkcə siyasətlə deyil, həm də mədəni və milli dəyərlər vasitəsilə həyata keçirilir. 1980-ci illərin sonlarında amerikalı politoloq Cozef Nye tərəfindən təqdim edilən və tətbiq edilən “Yumşaq güc” (soft power) sadəcə olaraq bir ölkənin özünü dünya ictimaiyyətinə sevdirmək və rəğbət qazanmaq bacarığıdır. Əslində isə qəlbləri fəth etmək və maraq oyatmaqdır. Burada Çin kimi böyük və gələcək fövqəldövlətin ən böyük televiziya kanallarından birində Prezident İlham Əliyev siyasi diplomatiya ilə yanaşı, mədəni diplomatiyanın sadə alətlərindən istifadə edərək Azərbaycanı tanıtmağı da diqqətdən kənarda qoymadı. Şübhəsiz ki, bu addım həm də Azərbaycana 1,5 milyon çinli turisti cəlb etmək, öz ölkəsini tanıtmaq, Çində Azərbaycan haqqında müsbət təsəvvür yaratmaq və sevdirmək ideyasını ehtiva edir".

Избранный
3
teleqraf.com

1Источники