RU

“Şəfa” biletin qiymətini 10 manata qaldırdı, qusarlı azarkeşlər coşdu

Mayın 4-ü, saat 16.00-da, çox güman, 2-ci liqada mövsümün çempionunu bəlli edəcək oyun başlayacaq. Hazırda 2-ci pillədə qərarlaşan “Şəfa” 3 xal irəlidə olan “Şahdağ Qusar”ı qəbul edəcək.

Oyun ətrafında indidən çox böyük ajiotaj var. Bizə çatan informasiyaya görə, həm Qusarda, həm də Bakıda yaşayan yüzlərlə azarkeş komandaya stadiondan dəstək vermək fikrindədi. Bu arada “Şəfa” rəhbərliyi gözlənilməz addım atıb. Belə ki, oyunu izləmək istəyən qusarlı azarkeşlər 10 manatından keçməli olacaq. Əvvəlcə paytaxt klubunun sosial şəbəkə hesabında yer alan elana baxaq:
“Stadiona giriş yalnız bilet və dəvətnamə ilə mümkündü. “Şəfa” azarkeşlərinin biletləri rəhbərlik tərəfindən ödəniləcək. Digər azarkeşlər üçün biletin qiyməti 10 manatdı”.

Qusarlılar bu qərarı heç də xoş qarşılamayıb. Onlar bunun “Şahdağ Qusar” azarkeşlərinin stadiona gəlməsinin qarşısını almaq niyyəti güddüyünü düşünürlər. “Şəfa”nın prezidenti Sərdar Salmanzadə mediaya açıqlamasında ilk dövrədə “Şahdağ Qusar” rəhbərliyinin bileti üç qat baha satdığını, “Şəfa”nın 200 azarkeşi üçün bilet aldığını deyib:
“Biz necə bilet alıb getmişiksə, onlar da elə gəlsin. Canla-başla qarşılayacayıq”.

Biz bu məsələ ilə bağlı “Şahdağ Qusar”ın rəhbəri Elçin Cananovla danışdıq:
“Şəfa” rəhbərliyinin belə açıqlama verməsi məni təəccübləndirdi. Yaxşı, dost münasibətlərimiz var. Məsələnin mahiyyətinə gəlincə, onlar ilk dövrədə azarkeşlə gəlmək istədilər. Biz biletin qiymətini 10 yox, 2 manat təyin etdik. “Şəfa” rəhbərliyi müraciət etdi, 400 manata 200 bilet aldı. Bu dəfə “Şəfa” bizdən soruşdu ki, nə qədər azarkeş gələcək? Biz isə dedik ki, özümüz gətirmirik, amma xeyli gələn olacaq. Açığı, bizim azarkeşlərə bilet almağa imkanımız yoxdu. Azarkeşlər özləri gələcəklərini deyiblər.Azərbaycanda yaşayırıq, biletin qiymətini bilirik. Təkcə bizim azarkeşlərə qiymət 10 manat olacaq. Qapıda nə biləcəklər ki, bu adam “Şəfa” azarkeşidi, yoxsa “Şahdağ Qusar”? Buna da izahat verməyiblər. Bəlkə “Şəfa” rəhbərliyi düşünüb ki, biz 1000 bilet alacağıq, 10 min gəlir əldə edəcəklər. 10 min manat “Şəfa” üçün kiçik ola bilər, amma bizim üçün böyük puldu. Oyunlar, adətən, həftəiçi olur. Qusar azarkeşləri, Bakıda yaşayan tələbələr kluba, PFL-ə müraciət etdi, oyunu bazar gününə saldılar, sağ olsunlar. Bu vəziyyətdən istifadə etmək heç də düzgün deyil. Bilet almasaq da, azarkeşlərimizin yanındayıq”.

Xatırladaq ki, Qusar təmsilçisi 64 xalla liderdi. “Şəfa” isə 61 xalla 2-ci pillədə qərarlaşıb. Xallar bərabərləşəcəyi təqdirdə “Şəfa” 1-ci pilləyə yüksələcək.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
0
23
football-plus.az

10Источники