Çin son onillərdəki nəhəng inkişaf tempi ilə bütün dünyanı özünə heyran qoyur. 1989-cu ildə Çinin 347 milyard dollar olan Ümumi Daxili Məhsulu 2024-cü ildə 19 trilyon dollara qədər çatmış, ölkə inqilabi sıçrayışla dünyanın əsas iqtisadi və siyasi güclərindən birinə çevrilmişdir. Bütün iqtisadi uğurlarla birgə Çin özünəməxsus siyasi sistemi, qayda və qanunları, idarəetmə forması, mətbəxi və məişəti ilə xüsusi maraq doğurur.
Nigar Hüseynova bir neçə il Çin Elmlər Akademiyasının Ətraf Mühit İnstitutunda təhsil alıb. Çinin təhsil almaqdan əlavə orda repetitor kimi çalışıb. Ümumilikdə, 5 ilə yaxın müddətdə Çində yaşayıb. Onunla müsahibəmizin mövzusu da Çinin təhsil sistemi, adət ənənələri, universitet mühiti, məişətidir.
Nigar Hüseynova “Teleqraf” İnformasiya Agentliyinə müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
-Nigar xanım, əvvəlcə özünüzlə bağlı məlumat verərdiniz...
- 1995-ci ildə Bakıda anadan olmuşam. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində almışam. Coğrafiya fakültəsində“SABAH” qruplarının ilk məzunlarındanam. Magistratura təhsilimi davam etdirmək üçün dövlət proqramı xətti ilə müraciət etmişəm. İmtahan və müsahibə mərhələlərindən uğurla keçdikdən sonra Çində təhsil almaq hüququ qazandım.
-Niyə məhz Çini seçdiniz?
-Mənim iki seçimim var idi: Macarıstan və Çin. Macarıstan coğrafi baxımdan daha yaxın olduğu üçün mənə o qədər də maraqlı gəlmədi. Çin isə həm coğrafi olaraq uzaqda yerləşirdi, həm də öyrənilməsi daha çətin və əlçatmaz görünürdü. Bu da məni daha çox cəlb etdi. Üstəlik, Çin haqqında çoxlu yazılar oxumuşdum. Və oxuduqlarımı öz gözlərimlə görmək istəyirdim. 2015-ci ildə Çin təhsili keyfiyyətinə görə sürətlə populyarlaşırdı. 20 yaşımda Çinə yollandım və magistratura təhsilimə başladım. Mən orda Çin Elmlər Akademiyasının Ətraf Mühit İnstitutunda təhsil alırdım. Kursu başa vurduqdan sonra diplom müdafiəmi COVID pandemiyasına görə tamamlaya bilmədim. Buna görə də təhsilimin son mərhələsi dondurulub. Hal-hazırda kursu bitirdiyim üçün sertifikatımı almışam.
-Çində hansı ixtisas üzrə təhsil almısınız?
-Çində “Ətraf mühitin iqtisadiyyatı və menecmenti” ixtisası üzrə təhsil almışam.
-Çində neçə il qaldın?
-2015-ci ildən 2020-ci ilə qədər, təxminən 4 il yarım...
-Bəs niyə bu qədər uzun çəkdi?
-Çində magistratura təhsili 4 il davam edir. Diplom müdafiəsindən əvvəl elmi məqalə yazıb çap etdirmək tələb olunur. Mənim məqaləmin nəşr prosesi uzandığı üçün orada qalmağım da uzandı. Əslində bu, mənim üçün müsbət oldu, çünki Çində qalmaq və burada işləyərək pul toplamaq istəyirdim ki, sonradan Avstraliyaya köçüm. COVID pandemiyası başladığı üçün bütün planlarım pozuldu. Universitetdə uzunmüddətli qış tətili elan olundu. 2019-cu ilin sonlarında yeni ili qeyd etmək üçün Bakıya gəldim. Ancaq pandemiya başladığı üçün artıq geri dönə bilmədim.
-Hansı şəhərdə təhsil alırdın?
-Mən Çinin cənubunda yerləşən Sıyamın şəhərində yaşayırdım. Bu şəhər Çinin cənub-şərqində yerləşir, Tayvana da çox yaxındır. Ordan Pekinə təyyarə ilə üç saatlıq yol idi. Sıyamın çox inkişaf etmiş, yaşıl bir şəhərdir. Burada çoxlu qoruqlar var. O cümlədən müxtəlif bitki örtüyü və meşələri də var.
-Sıyamında səni ən ilk olaraq nə təəccübləndirdi?
-Havanın isti olması... Orda hava şəraiti çox isti və rütubətlidir.
-Bəs sosial mənada nəyə heyrət etdin?
-Çində hər şey elektronlaşdırılmışdı. Azərbaycanda son illərdə istifadə olunan ödəniş sistemləri Çində artıq 2015-ci ildən gündəlik həyatın ayrılmaz hissəsi idi. Nağd puldan demək olar ki, istifadə olunmurdu. Texnologiyanın yüksək inkişaf səviyyəsi məni xüsusilə təəccübləndirdi. Ümumiyyətlə, Çində çox şey Azərbaycandan və eləcə də Avropa ölkələrindən fərqlidir. Dərmanların çoxu bitki tərkiblidir deyə dozaları aşağıdır. Dərmanlar da müxtəlif yosunlardan, bitkilərdən, heyvanlardan hazırlanır, misal üçün dəniz atından, dəniz ulduzundan... Azərbaycanda biz həkimə gedəndə bir dərman yazırlar, onu alıb atırsan. Amma Çində bir tablet əvəzinə 7-8 tablet verirlər, ikisi narıncı rəngdə, ikisi qırmızı, üçü mavi. Bunların hamısını da bir gündə hətta bir dəfəyə atmalısan. Bu mənə çox maraqlı gəlirdi.
-Bəs nağd pul harada istifadə olunurdu?
-Nağd pul əsasən valyuta dəyişmək üçün istifadə olunurdu. Məsələn, dollar almaq üçün bankda nağd pul dəyişirdik. Amma burada da limit var idi: gündə maksimum 3000 dollar dəyişmək icazəsi verilirdi. Bəzi küçə yeməklərinin satışında yerlərdə nağd pul istifadə olunurdu.
-Çində sosial şəbəkələr, məsələn, Facebook və Instagram qadağan edilib. Bəs sən burada ailənlə necə əlaqə saxlayırdın?
-Çinə ilk dəfə gedəndə bu məhdudiyyətlər barədə məlumatım yox idi. Şəhərimi, universitetimi və professorumu tanıyırdım, amma internet senzurası barədə xəbərsiz idim. Orada olarkən “WeChat” proqramını telefonuma yüklədim və ailəmə də bu proqramı öyrətdim. Bu tətbiq vasitəsi ilə nəinki yazışmaq eləcə də bütün ödənişləri etmək mümkün idi. Həmçinin, sosial şəbəkələrdən istifadə edə bilmək üçün VPN xidmətlərindən istifadə edirdim.
-Çində çox adam VPN istifadə edir?
-Xeyr, çox az adam VPN istifadə edirdi. Çünki Çində sosial şəbəkələrin və proqramların öz yerli analoqları var və əksər insanlar onlarla kifayətlənirlər.
- Çində təhsil arasında nə kimi fərqlər və oxşarlıqlar var idi?
-Orda tələbə ilə professor arasındakı münasibətlər Azərbaycandakından daha rəsmi idi. İstədiyin vaxt professorla əlaqə saxlamaq mümkün deyil. Gecə saat 24:00-dan sonra heç bir halda əlaqə qurmaq icazə verilmir. Texniki baxımdan isə təhsil daha çox praktiki yönümlü idi – dərslər yox idi, əsasən tapşırıqlar verilirdi.
-Texniki baxımdan fərqlər nələr idi?
-Orada dərslər ənənəvi formada keçirilmir, mövzular tapşırıq formasında verilir və tədqiqat işi aparılırdı. Çində təhsilimin əvvəlində Pekində Çin dili kursu keçdim. Bu məcburi idi, çünki Çin dili və yazısını bilmədən ölkədə yaşamaq çətin olardı. Lakin əsas magistratura dərslərim ingilis dilində keçirilirdi.
-Çin dilini hansı səviyyəyə qədər öyrəndin?
-Çin dilini məişət səviyyəsində öyrəndim. Bazarda alış-veriş edə bilirdim, taksi sürücülərinə ünvan izah edə bilirdim. Yəni gündəlik ünsiyyət üçün kifayət edən səviyyəyə çatmışdım.
-İngilis dili Çində aktiv istifadə olunurmu?
-Xeyr, Çində ingilis dili çox geniş istifadə olunmur. Bəzi müəllimlərim mən ingilis dilində danışanda tam başa düşmürdülər. Əksər professorlar yaşlı nəsildən idi, buna görə də onların ingilis dili zəif inkişaf etmişdi. Ancaq, bununla belə elmi məqalələri ingiliscə yazıb beynəlxalq jurnallarda çap etdirirdilər.
-İnsanlarda siyasi yetkinlik hansı səviyyədə idi?
-Çində insanlar hakimiyyətə qarşı dərin bir inam hissi daşıyırlar. Həftə sonları partiya iclaslarında tələbələr və professorlar iştirak edirdilər. Hamısı səliqə ilə geyinir, iclasa gəlir, dik oturur və danışılanlara diqqətlə qulaq asırdı. Məncə bu, qorxu yox, vərdiş və inanc məsələsidir. Ancaq insanlar gündəlik həyatda siyasət barədə çox danışmırlar. Yadıma gəlir, bir dəfə otaq yoldaşımdan Tayvan haqda soruşdum, o, qətiyyətlə Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirdi.