RU

"Sanksiya altında olan rusiyalılar Maltanın "qızıl pasportları"nı əldə edib" - "Financial Times"

 
"Avropa İttifaqının dəyərləri satıla bilməz, bu sxemlər ləğv edilməlidir..."
 
Rusiyalı varlılar Avropa İttifaqının sanksiyalarından yayınmaq üçün Malta "qızıl pasport" proqramından istifadə edib. Bu pasportlar onlara Avropa İttifaqı ərazisində sərbəst səyahət etməyə, bank hesabları açmağa və biznes qurmağa imkan verir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr bununla bağlı nümunələr gətirib. Məsələn, kömür və qaz sahəsində biznes fəaliyyəti göstərən və Avropa İttifaqının sanksiyalarına məruz qalan Albert Avdolyana 2015-ci ildə Malta vətəndaşlığı verilib. O, Malta pasportu sayəsində Avropa İttifaqına giriş məhdudiyyətlərindən yayınır. Avdolyandan başqa, sanksiya siyahısına düşmüş daha altı rusiyalı da "qızıl pasport" proqramından faydalanıb.
 
Ümumilikdə isə, pulla vətəndaşlıq əldə etmiş 16 nəfərin içində həm sanksiyalara məruz qalan şəxslər, həm də siyasi cəhətdən təsirli fiqurlar var. Bu isə korrupsiya və təhlükəsizlik risklərini artırır. Avropa Komissiyası Maltaya qarşı məhkəmə iddiası qaldıraraq bildirib: "Aİ-nin dəyərləri satıla bilməz. İnvestisiya qarşılığında vətəndaşlıq verilməsi Aİ qanunlarını pozur və bu sxemlər ləğv edilməlidir". Yaxın günlərdə Avropa Məhkəsinin qərarı gözlənilir.
 
"Transparency International" təşkilatının nümayəndəsi Eka Rostomaşvili qeyd edib ki, "qızıl pasport" proqramları ciddi problemlər yaradır: bəzi şəxslər bu pasportları gələcək hüquqi problemlərdən sığortalanmaq və ya Avropaya çıxış qapısını açmaq üçün əldə edir. O, vurğulayıb ki, tez-tez sənəd müraciətləri şəxslərə qarşı sanksiyalar tətbiq olunmazdan öncə verilir.
 
Məlum olub ki, Avdolyan və ailəsi Malta vətəndaşlığı üçün 2014-cü ildə müraciət edib və orada qalma tələblərini rəsmən yerinə yetirib. Avdolyana məxsus sənədlərdə hotellər, restoranlar və mənzil kirayəsi üçün xərcləri göstərən qəbzlər təqdim olunub. "Identity Malta" qurumu onun 12 aylıq qalma şərtinə uyğun olduğunu təsdiqləyib. Avdolyan isə bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 
Digər nümunələr arasında Malta və Sankt-Kits və Nevis pasportu əldə etmiş və Finlandiyada vergi pozuntusuna görə cəza almış Pavel Melnikov, həmçinin Böyük Britaniyada çirkli pulların yuyulmasına görə məhkum olunmuş Semen Kuksov var.
 
Kipr və Bolqarıstan Brüsselin təzyiqləri nəticəsində oxşar proqramları bağlasa da, Malta bu sxemi davam etdirir. Malta hökuməti yoxlamaların sərtləşdiyini və Rusiya və Belarus vətəndaşlarına vətəndaşlıq verilməsinin dayandırıldığını bildirir. Fəallar xəbərdarlıq edir ki, Avropa Məhkəməsi Maltanın xeyrinə qərar çıxarsa, digər ölkələr də oxşar vətəndaşlıq proqramlarını bərpa edə bilər.
 
2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenski Malta parlamentinə müraciət edərək rusiyalıların "qızıl pasport" kimi imtiyazlarının və ikili vətəndaşlıqlarının ləğv olunmasına çağırıb. O, Maltanı Rusiya neftini daşımamaq və rusiyalıların özlərini bu ölkədə gizlətməsinin qarşısını almaq üçün tədbirlər görməyə səsləyib.
Избранный
5
moderator.az

1Источники