Bir müddət əvvəl “İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək. Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etməsi iddiası İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı. Yeri gəlmişkən, bu gün İran prezidenti Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib.
Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq. Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb. Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir. Təl-Əvivi isə Tehranla Bakı arasında münasibətlərin normallaşması düşündürür.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Referans-a açıqlamasında bildirib ki, "Azərbaycan həm İsrail həm də İran üçün böyük əhəmiyyətə malik ölkə sayılır. Azərbaycanın İsraillə dostluq və strateji əlaqələri mövcuddur. Eyni zamanda İranla da qonşudur və məlum olduğu kimi, İranda milyonlarla azərbaycanlı yaşayır. Bu amillər həm Azərbaycan, həm də qarşı tərəflər üçün xüsusi önəm daşıyır. İran prezidentinin Azərbaycana, xüsusilə də Pezeşkianın geniş nümayəndə heyəti ilə səfəri göstərir ki, İran tərəfi münasibətlərin yaxşılaşmasında maraqlıdır. Ən azı oradakı hakimiyyətin müəyyən dairələri bu istiqamətdə təşəbbüskar görünür. Digər tərəfdən İsrail baş nazirinin Azərbaycana səfəri də bu ölkənin Cənubi Qafqazda Azərbaycanla olan münasibətlərini daha da gücləndirməyə çalışdığını göstərir. Aydındır ki, İran və İsrail arasında geostrateji rəqabət mövcuddur.
Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, Azərbaycan üçün əsas məsələ bu ölkələrin ona necə yanaşmasından çox, öz milli maraqlarıdır. Azərbaycanın maraqları nəyi tələb edirsə, istər İranla, istərsə də İsraillə münasibətlər bu istiqamətdə qurulmalı və inkişaf etdirilməlidir – istər iqtisadi, istər siyasi, istərsə də strateji təhlükəsizlik sahələrində. Bu iki ölkənin liderlərinin Azərbaycana səfərlərinin müsbət tərəfləri var. Bu, Azərbaycanın bölgədəki əhəmiyyətinin həm İran, həm də İsrail tərəfindən daha çox qəbul edildiyini göstərir. Hər iki tərəf Azərbaycanla əlaqələri dərinləşdirməyə xüsusi diqqət ayırır. Bu proses regiondakı digər ölkələrə, xüsusən Ermənistana da təsir göstərə bilər. Artıq beynəlxalq birlik və regional dövlətlər tərəfindən Azərbaycanın regionun aparıcı dövləti və strateji mövqeyə sahib ölkə kimi qəbul edilməsi danılmaz faktdır.
Samir Hümbətov onu da vurğulayıb ki, İsraillə Azərbaycanın ciddi müdafiə və enerji sahəsində əməkdaşlığı mövcuddur. İranla isə bizi qonşuluq əlaqələri birləşdirir. Doğrudur, son illərdə müəyyən gərginliklər yaşanıb, lakin bu, münasibətlərin yalnız mənfi yöndə davam edəcəyi anlamına gəlmir.
"Əgər İran tərəfi də müsbət addımlar atarsa, qarşılıqlı münasibətlərdə irəliləyiş mümkün ola bilər. Ümumilikdə isə həm İsrailin, həm də İranın Azərbaycana olan marağı ölkəmizin strateji mövqeyi və artan beynəlxalq çəkisi ilə əlaqədardır", - deyə siyasi şərhçi əlavə edib.
Gülgəz Qədirova
Referans