RU

“Qəbələliləribaşa düşürəm, “çempion” yazılmış köynəkləri çantada qayıtdı”

Bilindiyi kimi, “Qəbələ” ötən tur səfərdə “İmişli”yə uduzdu və cari mövsümdə ilk məğlubiyyətini aldı.

“Qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov “teleqraf.az”a müsahibəsində İmişli şəhər stadionundakı çatışmazlıqlardan danışıb:
“Şəxsən mən istəməzdim ki, çempionluğu şəraitsiz bir komandanın meydanında qeyd edək. Çempion oluruq, oyundan sonra duş almırıq, o vəziyyətdə evə gedirik. Hətta çimməyə su yox idi. İkinci dəfədi ki, İmişli stadionunda duş almağa su tapmadıq. Nəzərə alsaq ki, stadion da palçıq idi. Çempion olmusan, üst-başın palçıqdı, elə mükafatlandırılırsan...”

“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlovla söhbətdə ilk növbədə bu iradı cavablamasını istədik:
“Qəbələliləribaşa düşürəm, “çempion” yazılmış köynəkləri çantada qayıtdı. Liqada stadionların vəziyyəti hər kəsə məlumdu. Çatışmazlıqlar çoxdu. Oyundan öncə bildirmişdim ki, çempionluğu öz meydanınızda qeyd etməli olacaqsız. “Qəbələ” oyuna bir gün əvvəl gəlmişdi. Normal şəraiti olan oteldə yeməklərini yeyərək çıxdılar. Nə olur-olsun, rəqibə hörmətlə yanaşmaq lazımdı. Bu, peşəkarlıq məsələsidi. Həmin vaxt məsələ su deyildi. İmişlidə havanın necə isti keçdiyini bilirsiz, bəzən heç suyu isitməyə də ehtiyac olmur”.

Yeri gəlmişkən, “Zaqatala” üzərində qələbədən sonra “İmişli”nin premyer-liqaya vəsiqə qazanması da rəsmiləşdi. Amma bölgə klubunin elitada çıxış edən zaman paytaxtda məskunlaşacağı haqda xəbər yayılıb. Buna səbəb İmişlidəki Heydər Əliyev adına stadionunun əsaslı təmirə bağlanmasıdı. Klub Bayılda yerləşən “ASCO Arena”da çıxış etmək niyyətindədi. Aqşin bəyin bu məsələ ilə bağlı da fikirlərini öyrəndik:
“ASCO Arena” planımızda deyil. Sadəcə, variant kimi var ki, PFL-in stadionumuzda oynamağa razılığı olmasa, hansısa bir arenanı icarəyə götürək. İlk işimiz odu ki, öz stadionumuzu düzəldək. Bəzi çətinliklərimiz var. Sənədlərlə bağlı da problem var. Bəzi layihələrimizi təqdim etmişik. Əlavə məşq meydançası qurmaq planınımız var. Başqa yerdə oynamaq bizim üçün yaxşı olmaz. Bunu zaman göstərəcək. Çempionat bitəndən sonra ot örtüyünün hansı müddətdə düzələcəyini biləcəyik. İnşallah, oyunlarımızı azarkeşlərimiz qarşısında - doğma stadionda keçirərik. 20 ildən sonra İmişliyə böyük futbol gəlir. Uşaq futboluna böyük təsir ola biləcək hadisədi. Bizim çalışmamız bu istiqamətdədi ki, oyunlarımızı öz rayonumuzda keçirək”.

ƏSƏD SEYİDOV
Избранный
12
football-plus.az

1Источники