RU

Azərbaycan prokurorluğu: hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi

Son illər Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar fonunda prokurorluq orqanlarının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının rəhbərliyi ilə qəbul olunmuş “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bu prosesin konseptual əsasını təşkil edir.   

Fərmandan irəli gələn vəzifələrin icrası konteksində   Azərbaycan Respublikası Prokurorluğu öz struktur islahatları, funksional çevikliyi və institusional əməkdaşlıq imkanları ilə hüquq sisteminin əsas dayaqlarından biri kimi çıxış edir.

Respublikamızda uğurla reallaşdırılan məhkəmə  -hüquq islahatlarının dərinləşdirilməsi siyasəti çərçivəsində Prokurorluğun icra etdiyi tədbirlər aşağıdakı sahələrdə konkret nəticələr vermişdir:

• Elektron prokurorluq sisteminin tətbiqi: vətəndaşların müraciət imkanlarının artması və informasiya əlçatanlığının təmin olunması;

• Kadr islahatları: gənc və ixtisaslı hüquqşünasların sistemə cəlb olunması, peşəkar hazırlığın gücləndirilməsi;

• İctimaiyyətlə əlaqələr: prokurorluğun fəaliyyətinə ictimai etimadın artması, şəffaflığın gücləndirilməsi;

• Beynəlxalq əməkdaşlıq: Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələrin genişlənməsi

Fərmanın tələblərinə uyğun olaraq, Baş Prokurorluq tərəfindən cinayət mühakimə icraatında dövlət ittihamının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə “Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq 2019-cu ilin sentyabr ayında istifadəyə verilmişdir. Bu proqram vasitəsilə cinayət işlərinin məhkəmələrdə baxılması prosesinin elektronlaşdırılması təmin edilmişdir. 

Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Baş Prokurorluq tərəfindən bir sıra institusional və kadr islahatları aparılmışdır. Məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha səmərəli həyata keçirilməsi və vahid təcrübənin formalaşdırılması məqsədilə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin strukturu yenidən təşkil edilmiş, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan regional şöbələri təsis olunmuşdur.

Prokurorluğun fəaliyyətində şəffaflıq, müasir idarəetmə mexanizmləri və insan hüquqlarının müdafiəsinə yönəlmiş yanaşmalar əsas prioritetlər sırasındadır. Baş prokuror Kamran Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində strukturun daxili idarəetmə modeli optimallaşdırılmış, vətəndaş məmnunluğuna yönəlik elektron sistemlər, ictimai əlaqələr və müasir informasiya vasitələrindən istifadə gücləndirilmişdir.

Cinayət təqibində effektivlik, korrupsiyaya qarşı mübarizə sahəsində institusional təşəbbüslər və mülkiyyət hüquqlarının müdafiəsi kimi sahələrdə prokurorluğun fəaliyyəti, məhkəmə hakimiyyətinin yükünün azaldılmasında və cinayət mühakimə icraatının keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır.

Məhkəmə-hüquq  islahatları çərçivəsində həmçinin  normativ-hüquqi bazanın təkmilləşdirilməsi və kadr siyasətinin yenilənməsi kimi mühüm addımlar atılmışdır. Bu tədbirlər prokurorluğun dövlət mexanizminin vacib elementi kimi rolunu gücləndirmiş və cəmiyyətin bu quruma  etimadını artırmışdır.Məsələn,”Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı tədbirlər haqqında fərmanda, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun layihəsinin hazırlanması və Prezidentə təqdim edilməsi prokurorluğa tapşırılmışdır. 

Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi, onun hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında rolunu artırmışdır.

Prokurorluq orqanlarında kadr siyasətinin təkmilləşdirilməsi və gənc kadrların işə cəlb edilməsi islahatların mühüm tərkib hissəsidir. Yeniləşmə prosesi çərçivəsində gənc mütəxəssislərin prokurorluq orqanlarına cəlb edilməsi və onların peşəkar inkişafına xüsusi diqqət yetirilir. 

Prokurorluq orqanlarına işə qəbul prosesi şəffaf və ədalətli şəkildə həyata keçirilir. Qulluğa qəbul olmaq istəyən namizədlər üçün müvafiq elanlar Baş Prokurorluğun rəsmi internet saytında yerləşdirilir. Müsabiqə prosesinə sənəd qəbulu, test imtahanı və müsahibə mərhələləri daxildir. Məsələn, 2024-cü ilin avqust ayında keçirilən müsabiqədə 374 namizəd müraciət etmiş, onlardan 331 nəfəri imtahanda iştirak etmiş və 137 namizəd müvəffəqiyyət qazanmışdır.                  Beləliklə, prokurorluq orqanlarında kadr siyasətinin təkmilləşdirilməsi və gənc kadrların işə cəlb edilməsi prosesi şəffaf və sistemli şəkildə həyata keçirilir, bu da prokurorluğun fəaliyyətinin səmərəliliyinin artırılmasına və müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.

Cinayət mühakimə icraatında prokurorluğun rolu və formalaşan müsbət təcrübə

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində prokurorun prosessual mövqeyi – istintaqa rəhbərlik  funksiyası – cinayət təqibinin obyektiv və ədalətli  şəkildə reallaşdırılmasında  mühüm əhəmiyyət kəsb edir. Xüsusilə son dövrlərdə:

• Ədalətli araşdırma standartlarına uyğun istintaq,

• Təqsirsizlik prezumpsiyasına hörmət,

• Təqsirləndirilən şəxsin müdafiə hüququnun təmininə nəzarət kimi istiqamətlərdə pozitiv presedentlər və prokuror təcrübəsi formalaşmışdır. Bu isə cinayət mühakiməsində həm keyfiyyətli hüquqi araşdırmanı, həm də insan hüquqlarına sadiq münasibəti ön plana çıxarır.

Beynəlxalq Əməkdaşlıq və Nüfuz

Azərbaycan Prokurorluğu beynəlxalq səviyyədə fəal iştirak edərək, ölkəmizin hüquq sisteminin təcrübəsini dünya arenasına daşıyır. Məsələn, 2019-cu ildə Avropa Prokurorlarının Məşvərət Şurasının (CCPE) 14-cü plenar iclasında “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı 14 saylı Rəy qəbul edilmişdir. Bu sənədin hazırlanmasında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsindəki təcrübəsi nəzərə alınmışdır.

Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) çərçivəsində mühüm beynəlxalq nailiyyətlər əldə etmişdir. 2018-ci ildə BPA-nın Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən  23-cü İllik Konfransı və Ümumi Yığıncağında Kamran Əliyev Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilmişdir. 

2025-ci ildə isə   Kamran Əliyev ikinci dəfə  BPA-nın vitse-prezidenti vəzifəsinə seçildi.Bu   əlamətdar hadisə yalnız Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarının və qlobal hüquq sahəsindəki fəaliyyətlərinin təntənəsi deyil, eyni zamanda Azərbaycanın hüquq sisteminin və hüquqi mədəniyyətinin beynəlxalq aləmdə tanınmasının əhəmiyyətli göstəricisi olmaqla  ölkəmizin beynəlxalq hüquq sahəsindəki liderlik mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Bu əlamətdar hadisə münasibətilə Kamran Əliyevi və Azərbaycan hüquq ictimaiyyətini ürəkdən təbrik edir,  hörmətli Baş Prokurora  gələcək fəaliyyətində davamlı uğurlar və beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər arzulayırıq. 

2024-cü ilin sentyabrında Bakı şəhəri, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağına ev sahibliyi etmişdir. Bu tədbir, Azərbaycanın hüquq sistemində ilk dəfə bu tipli geniş  miqyaslı beynəlxalq  forumun keçirilməsi baxımından tarixi əhəmiyyətə malikdir və  Azərbaycan Prokurorluğunun  uğurudur. 95 ölkədən 500-ə yaxın prokurorluq və ədliyyə əməkdaşının iştirakı ilə keçirilən konfrans, ölkəmizin beynəlxalq hüquq ictimaiyyətində artan nüfuzunun göstəricisidir .

Konfrans çərçivəsində “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” mövzusunda plenar sessiyalar, rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası kimi aktual məsələlər müzakirə olunmuşdur . Bu tədbir, Azərbaycanın hüquq-mühafizə orqanlarının beynəlxalq əməkdaşlıqda fəal iştirakını və qlobal hüquqi məsələlərin həllində töhfəsini nümayiş etdirmişdir.

Məlum olduğu kimi 2024-cü ilin noyabr ayında Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu COP29 çərçivəsində fəal iştirak etmişdir. Noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunmuşdur. Bu tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmiş, iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu müzakirə edilmişdir.

Həmçinin, 2023-cü ilin dekabr ayında Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transmilli Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanları İşçilərinin Qlobal Şəbəkəsinin (GLEN) iclasında Azərbaycanı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi təmsil etmişdir. Bu tədbirdə yüksək profilli cinayətlərin istintaqı və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Göründüyü kimi  Azərbaycan Respublikası Prokurorluğu beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla hüquq-mühafizə fəaliyyətini davamlı olaraq inkişaf etdirir və beynəlxalq təcrübəni ölkə daxilində tətbiq edir. Bu yanaşma, prokurorluğun fəaliyyətinin səmərəliliyini artırır və hüquq sisteminin müasirləşməsinə mühüm töhfə verir.

Prokurorluğun daxili islahatları və cəmiyyətdəki rolu

Daxili səviyyədə, prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai-siyasi sabitliyin qorunmasında mühüm rol oynayır. 2024-cü ilin birinci yarısında ölkə ərazisində 18,518 cinayət qeydə alınmış və onların 87.6%-nin açılması təmin edilmişdir. Bu dövrdə qeydə alınan cinayətlərin sayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5.2% azalma müşahidə olunmuşdur.       Prokurorluq orqanları həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində fəal iştirak edir, məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etmək üçün mühüm tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, işğaldan azad olunmuş ərazilərdə hüquq sisteminin bərpası və inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bu tədbirlər, həmçinin ölkənin hüquqi sisteminin gücləndirilməsinə və cəmiyyətin sabitliyinin təmin edilməsinə mühüm töhfələr vermişdir.

2024-cü ilin iyun ayında Baş Prokurorluğun təşkilatçılığı ilə  işğaldan azad olunmuş Xankəndi şəhərində “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Orqanlarının Rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda ətraf mühitin mühafizəsi, ekoloji hüquqların təminatı və hüquq-mühafizə orqanlarının bu sahədəki rolu müzakirə olunmuşdur. 

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması çərçivəsində, 14 aprel  2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində əlamətdar bir tədbir – “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans təşkil oludu. Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş bu mötəbər tədbir müasir Azərbaycanın siyasi, hüquqi və ideoloji əsaslarını dərin təhlil etmək, Heydər Əliyev irsinin dövlətçilik tariximizdəki misilsiz rolunu yenidən nəzərdən keçirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda 2025-ci ilin aprel ayında Baş Prokuror Kamran Əliyev Qarabağ Universitetində tələbələrlə görüş keçirmişdir. Görüş zamanı gənclərin hüquqi maarifləndirilməsi, hüquq sahəsində karyera imkanları və hüquqi dövlətin qurulmasında gənclərin rolu müzakirə olunmuşdur. Bu tədbir, gənclərin hüquqi biliklərinin artırılması və onların hüquq sisteminə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.

O cümlədən Şuşa şəhərində Baş Prokurorluq tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində hüquqi maarifləndirmə, hüquq-mühafizə orqanlarının fəaliyyəti və hüquq sisteminin inkişafı mövzularında müzakirələr aparılmışdır

Bu  tədbirlər, Baş Prokurorluğun və Azərbaycan Respublikasının hüquq sisteminin inkişafı, hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi və ölkə daxilində ədalət mühakiməsinin təkmilləşdirilməsi sahəsində atılmış mühüm addımlardır. Bu cür tədbirlər həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycan hüquq sisteminin müasir çağırışlara uyğun inkişafını təmin edir.

Elmi-Məsləhət Şurası – hüququn inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında yaradılan  Elmi-Məsləhət Şurası, prokurorluq orqanlarının fəaliyyətinin elmi əsaslarla təkmilləşdirilməsi və hüquq sahəsində aktual məsələlərin müzakirəsi məqsədilə yaradılmış mühüm bir qurumdur. Bu şura, hüquq elminin inkişafı və hüquq tətbiqetmə təcrübəsinin zənginləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayır.

Elmi-Məsləhət Şurası, 2020-ci ildə Baş prokuror yanında yaradılmışdır. Şuranın tərkibi prokurorluq əməkdaşları və veteranları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə,Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyası və digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyalarının nümayəndələrini əhatə edir.

         Elmi-Məsləhət Şurası, normativ hüququn təkmilləşdirilməsi və hüquqi praktikanın elmi əsaslara söykənməsi baxımından önəmli platformaya çevrilmişdir. Şura:

• Hüquqi aktların təhlili və yeni təkliflərin hazırlanması,

• Hüquqi  təcrübənin ümumiləşdirilməsi,

• Hüquq-mühafizə orqanlarında tətbiq edilən metodoloji standartların elmi əsaslandırılması kimi  istiqamətlərdə fəaliyyət göstərərək, hüquqi düşüncənin inkişafına xidmət edir.

Prokurorluq və Azərbaycan Respublikası Vəkillər Kollegiyası: səmərəli əməkdaşlıq modeli

Son dövrlərdə Azərbaycan Respublikası Prokurorluq orqanları ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında səmərəli əməkdaşlıq münasibətləri formalaşmışdır. Bu əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı hörmət və hüquqi bərabərlik prinsipinə əsaslanan dialoq qurur, vəkillərin prosessual hüquqlarının qorunmasına nəzarət edir və tədris, konfrans və elmi diskussiyalarda birgə iştirak edirlər. Bu yanaşma hüquqi müdafiə və təqib balansını qorumaqla hüquqi dövlətin dayaqlarını möhkəmləndirir.

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında imzalanmış Anlaşma Memorandumu bu əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir. Memorandum, tərəflərin hüquqi fəaliyyətlərində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və insan hüquqlarının müdafiəsi sahəsində birgə layihələrin həyata keçirilməsi məqsədini güdür. Bu sənəd, həmçinn prokurorluq  orqanları ilə vəkillər arasında qarşılıqlı etimadın və əməkdaşlığın artırılmasına xidmət edir.

Baş Prokurorluq, vəkillik təsisatının inkişafına xüsusi diqqət yetirir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Baş prokuror Kamran Əliyevin vəkillik təsisatına göstərdiyi diqqəti yüksək qiymətləndirərək, prokurorluq və vəkillik arasında qurulan əməkdaşlığın insan hüquqlarının müdafiəsinə xidmət etdiyini vurğulamışdır. 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən keçirilən tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğu “Vəkillərin dostu” mükafatına layiq görülmüşdür. Bu mükafat, prokurorluq orqanları ilə vəkillik institutu arasında formalaşmış qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin yüksək qiymətləndirilməsinin təzahürüdür. Baş Prokurorluğun vəkillik təsisatının inkişafına verdiyi töhfələr və insan hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyətləri bu təltifin əsasını təşkil etmişdir. Bu hadisə, hüquqi dövlət quruculuğunda prokurorluq və vəkillik arasında səmərəli əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayır.

Vəkillər Kollegiyası və Baş Prokurorluq, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, hüquq sahəsində təlim və seminarların təşkilində birgə fəaliyyət göstərirlər. Məsələn, 2025-ci ilin fevral ayında Vəkillər Kollegiyası nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasına səfər etmiş və akademiyanın rəhbərliyi ilə görüşlər keçirmişdir. Görüşdə, akademiya rəsmiləri Baş Prokurorluq ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini vurğulamışlar

Nəticə etibarilə  Baş Prokurorluq və Vəkillər Kollegiyası arasında möhkəmlənmiş əməkdaşlıq, insan hüquqlarının müdafiəsi və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addım olmaqla, hüquqi dövlət quruculuğuna və cəmiyyətdə ədalət mühakiməsinin təmin olunmasına əhəmiyyətli töhfə verir.

Beləliklə, Azərbaycan Respublikası Prokurorluğu müasir hüquqi sistemin əsas sütunlarından biri kimi, yalnız cinayət təqibi funksiyasını deyil, eyni zamanda hüququn inkişafında və ədalətə çıxış imkanlarının genişlənməsində strateji rol oynayır. Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və yeniliklər bu orqanın daha çevik, şəffaf və ictimaiyyətə açıq bir struktura çevrilməsini təmin etmişdir.

Prokurorluğun səmərəli fəaliyyəti, elmi yanaşmaya əsaslanan hüquqi təşəbbüsləri və digər hüquq institutları ilə qarşılıqlı faydalı əməkdaşlığı Azərbaycan hüquq sisteminin modernləşməsinə real töhfələr verməkdədir.

İlhamə Həsənova
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Baş Prokurorluq Yanında Elmi-Məsləhət Şurasının üzvü.

 

 

 

 

 

 

 

 

Избранный
38
7
moderator.az

10Источники