EN

Rusiya dron hücumları altında: "Rosneft" zavodundakı yanğın kosmosdan görünür - "Reuters"

 
"Ukraynanın kütləvi dron hücumları Rusiyanın neft emalı sənayesinə ciddi zərbə vurur - "Rosneft"in Ryazan zavodunda yanğın, minlərlə uçuş ləğv edilib, ixrac azalır..."
 
Rusiya artıq üçüncü gündür ki, Ukrayna dronlarının kütləvi hücumları altındadır. Silahlı Qüvvələr tərəfindən təşkil olunan bu hücumlar Vladimir Putinin atəşkəsdən imtinasından sonra baş verən ən genişmiqyaslı və uzunmüddətli hücum seriyası hesab olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Məlumatda deyilir ki, mayın 20-də axşam başlayan hücumlar bu gün səhərə qədər davam edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bu müddət ərzində hava hücumundan müdafiə qüvvələri ümumilikdə 756 ədəd təyyarə tipli dronu vurub. Ən çox dron Orlov (197), Kursk (185) və Moskva (109) vilayətləri üzərində qeydə alınıb.
 

 

Hücumlar zamanı Vladimir, Kaluqa, Kostroma, Tambov, Yaroslavl, İvanovo, Samara, Nijniy Novqorod və Moskva hava limanlarında ("Vnukovo", "Domodedovo", "Şeremetyevo", "Jukovski") uçuşlar dayandırılıb, yüzlərlə reys ləğv edilib, sərnişinlər demək olar ki, bir gün gözləməli olub.
 
Bu hücumlar nəticəsində Rusiyanın hərbi-sənaye kompleksi üçün mühüm sayılan iki müəssisə zərər görüb: Orlov vilayətində yerləşən Bolxov yarımkeçirici zavodu və Lipetsk vilayətindəki "Energiya" zavodu (dronlar, raketlər və aviasiya üçün akkumulyatorlar istehsal edir). "Energiya" müxtəlif Qərb ölkələrinin sanksiyaları altındadır.
 
Ən diqqətçəkən hadisə isə "Rosneft"in Ryazan Neft Emalı Zavodunda baş verən yanğındır. NASA-nın yaratdığı amerikalı yanğın monitorinq sistemi FIRMS-in müşahidələrinə görə, yanğın kosmosdan da görünür. "Astra" informasiya kanalının yaydığı peyk görüntülərində yanğının məhz zavod ərazisində baş verdiyi bildirilir. Hücum zamanı zavod yaxınlığında azı 5 dron vurulub.
 
Ryazan zavodu Rusiyanın beş ən böyük neft emalı müəssisəsindən biridir və Moskva regionunu da yanacaqla təmin edir. Bu zavoda fevral ayında da hücum olub, nəticədə müəssisə müvəqqəti fəaliyyətini dayandırıb.
 
"Reuters" agentliyinin qiymətləndirmələrinə görə, yalnız 2025-ci ildə Rusiyanın neft emalı gücünün azı 10 faizi məhv edilib. 2024-cü ildəki dron zərbələri və avadanlıqların bərpasındakı çətinliklər səbəbindən emal həcmi son 12 ilin minimum səviyyəsinə - 267 milyon tonadək düşüb. Neft məhsullarının ixracı isə 9 faiz azalaraq 113,7 milyon ton geriləyib.
 
Bu itkilər fonunda Rusiya hökuməti statistik məlumatları gizlətməyə başlayıb. 2024-cü ilin mayında Energetika Nazirliyi benzin istehsalı ilə bağlı məlumatları "Rosstat"a ötürməyi dayandırıb, avqustda isə dizel istehsalına dair məlumatlar da gizlənib.
 
2025-ci ilin fevralına qədər Rusiyanın emal gücünün 3,5 milyon tonunun fəaliyyətsiz qaldığı qeyd edilir (yanvarla müqayisədə bu göstərici 2,3 milyon ton idi). Ryazan, Saratov, Sızran və Volqoqraddakı zavodların dron hücumlarından sonra dayandırılması bu artımın əsas səbəblərindəndir.
 
Ümumilikdə, 2025-ci ilin fevralında Rusiya neft məhsulları ixracını yanvar ayı ilə müqayisədə 7,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,6 faiz azaltmalı olub. Xüsusilə, dizel ixracı bir ayda 6 faiz azalıb (3,6 milyon ton).
 
Nəticədə Rusiya hökuməti benzinin ixracını qadağan edib. Eyni zamanda, dizel tədarükü də ciddi şəkildə azalıb. Qiymət İndeksləri Mərkəzinin məlumatına görə, fevralda Rusiyadan Afrikaya dizel ixracı təxminən iki dəfə azalıb - 1,27 milyon tondan 684 min tona düşüb. Eyni azalma Braziliya, digər Cənubi Amerika ölkələri və Türkiyə istiqamətində də müşahidə olunub.
Chosen
0
39
moderator.az

10Sources