Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.
***
Mayın 22-də Xocalı rayonunun Ballıca kəndi və Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.
Publika.az xəbər verir ki, bu gün ümumilikdə 9 ailə (34 nəfər) doğma torpaqlara qayıdıb.
Ballıca kəndinə köçürülən 8 ailə (29 nəfər) ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, Gəncə şəhərindən 4 ailə (13 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər), Bakıdan 1 ailə (4 nəfər), Ucar rayonundan 1 ailə (3 nəfər), Şəki rayonundan 1 ailə (2 nəfər) köçürülüb.
Xocalı şəhərinə isə 1 ailə (5 nəfər) Abşeron rayonundan yola salınıb.
Köçürülmə prosesində Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşerondan olan 3 ailə (16 nəfər) səhər saat 07:00-da Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb. Eyni zamanda, Gəncə, Ucar və Şəki rayonlarından olan 6 ailə (18 nəfər) məskunlaşdıqları ərazilərdən çıxaraq Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşulub.
Bununla da, ümumilikdə Ballıca kəndinə 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə 86 ailə (346 nəfər) köçürülüb.