Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı mənfi zonada bağlanıb.
Bu, dövlət istiqrazlarının gəlirliliyinin artması və Federal Ehtiyat Sistemi (FED) nümayəndələrinin açıqlamaları fonunda baş verib.
S&P 500 indeksi yeddi günlük ardıcıl artımdan sonra ilk dəfə olaraq geriləyib. Dow Jones Industrial Average indeksi 114,83 bənd və ya 0,27% azalaraq 42.677,24 bəndə düşüb. Nasdaq Composite isə 72,75 bənd və ya 0,38% azalaraq sessiyanı 19.142,71 bəndlə başa vurub.
Analitiklər bildirirlər ki, əhəmiyyətli iqtisadi göstəricilərin olmaması investorları ABŞ-ın ticarət siyasətinin iqtisadiyyata təsirlərini qiymətləndirməyə sövq edib. Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Alberto Musalema ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarının iqtisadi artımı zəiflədə və inflyasiyanı ləngidə biləcəyini deyib.
Bazar iştirakçıları bu il ərzində FED-in əsas faiz dərəcəsini azı iki dəfə – hər biri 25 baza bəndi olmaqla – azaltmasını gözləyir. İlk azalma sentyabr ayında baş verə bilər.
Şirkət xəbərləri:
-
Home Depot Inc. sessiyanın əvvəlində müsbət maliyyə göstəricilərinə görə dəyər qazansa da, sonradan 0,6% ucuzlaşaraq günü “qırmızı zonada” tamamlayıb. Şirkət birinci rübdə 9,4% gəlir artımı ilə analitik proqnozlarını üstələyib və illik göstəricilərə dair proqnozunu təsdiqləyib.
-
Alphabet Inc. səhmləri illik Google I/O konfransının ardından 1,5% dəyər itirib.
-
Texnologiya sektorunda satış dalğası müşahidə olunub. Nvidia (-0,9%), AMD (-1,1%), Apple (-0,9%), Microsoft (-0,2%), IBM (-0,5%) və Super Micro Computer (-4,5%) səhmləri enişlə üzləşib.
-
Digər tanınmış şirkətlərdən Amazon (-1%), American Express (-1,1%), Goldman Sachs və Chevron (-0,9%) da azalma qeydə alıb.
-
Kruiz və turizm sektorunda da eniş müşahidə olunub: Carnival Corp. (-2,1%), Norwegian Cruise Line (-3,9%), Royal Caribbean (-1,9%), Las Vegas Sands (-3,2%), Wynn Resorts (-2,9%).
Bazarın müsbət tərəfi:
UnitedHealth Group (+1,8%), Boeing (+1,2%) və Merck & Co. (+1%) Dow Jones indeksində müsbət dinamika göstərən əsas şirkətlər olub.
Tesla səhmləri 0,5% artıb. Şirkətin rəhbəri Elon Musk yaxın beş ildə də rəhbərlikdə qalacağını açıqlayıb.
Bundan əlavə, Amer Sports səhmləri 2025-ci il üçün maliyyə proqnozlarının yaxşılaşdırılmasından sonra 19%-dən çox bahalaşıb.