EN

Azərbaycanın “uçan xalça”ları - “Əjdahalı”, “Qızqarıdan” - Xalça Muzeyindən REPORTAJ

BAKI, 18 may. TELEQRAF

1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə mayın 18-i dünyada Beynəlxalq Muzeylər günü kimi qeyd edilir.

“Teleqraf” İnformasiya Agentliyi bu münasibətlə “Xalça muzeyi”ndən fotoreportajı təqdim edir.

Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə yaradılıb. İlk ekspozisiyası 1972-ci ildə İçərişəhərdəki 19-cu əsr memarlıq abidəsi olan Cümə Məscidində açılıb. 1992-ci ildən 2014-cü ilə qədər Xalça Muzeyi keçmiş Lenin adına, indiki Muzey Mərkəzində fəaliyyət göstərib.

2007-ci ildə muzeyin yeni binasının inşası ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb və Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında Xalça Muzeyinin təməli qoyulub. 2014-cü il avqustun 26-da Muzeyin açılış mərasimi keçirilib. Yarıaçılmış xalça formasında olan bina məşhur avstriyalı memar Frans Yantsın layihəsidir.

Beşmərtəbəli binanın üç mərtəbəsində ekspozisiyalar sərgilənir.

2010-cu ildə xalçaçılıq sənəti YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na salınıb.

Muzeyə girən kimi ilk diqqətimi çəkən xalça eksponatlarının altındakı Brayl əlifbası ilə yazılmış mətnlər olur. Bələdçimiz İlahə xanım deyir ki, 2019-cu ilin noyabrından etibarən Xalça Muzeyində Beynəlxalq Əlillər Günü ilə əlaqədar ilk inklüziv layihə olan “Sərhədsiz Muzey” fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud insanların muzeyə cəlb edilməsi məqsədi daşıyan bu layihə çərçivəsində eksponatlar haqqında məlumatlar Brayl əlifbası ilə hazırlanıb yerləşdirilib. Muzeydə həmçinin eşitmə imkanları məhdud şəxslər üçün işarət dili tərcüməçiləri də var. “Sərhədsiz Muzey” layihəsi sağlamlıq imkanları məhdud şəxslər üçün muzeyə ödənişsiz baxış imkanı yaradır.

Bundan başqa hər bir xalça eksponatının altında kiçik ölçülü, qabarıq formada toxunmuş xalça nümunələri də var və sağlamlıq imkanları məhdud şəxslər əllə bu nümunələrə toxuna bilərlər. Nəzərə alsaq ki, muzeydəki eksponatlara toxunmaq qadağandır, sağlamlıq imkanları məhdud şəxslərin bu nümunələrə toxuna bilməsi sevindirici haldır.

Bir qədər irəlidə gözümə cəhrələr, ipəyirənlər sataşır. Qarabağlı nənəmin göz bəbəyi kimi qoruduğu cəhrəsinin oxşarını muzeydə şüşə arxasında görmək qəribə hissdir.

Bu xalçaların hər birində sanki insan əli, insan ruhu ilə bir dövrün mənzərəsi, tarixi əks olunub. Xalçalar, adətən, toxunduqları ərazilərin yer adları ilə adlandırılır və maraqlıdır ki, toxunan ərazilərin hər birinin naxışları da fərqlidir. Hər naxışın isə öz rəmzi mənası var. Bələdçimiz İlahə xanım deyir ki, xalçanı “oxumaq” üçün riyaziyyatı, musiqini, tarixi, ədəbiyyatı, coğrafiyanı yaxşı bilməlisən.

Muzeyin ekspozisiyasında ən qədim eksponat 17-ci əsrə aid Şamaxı xalçası və Qarabağın “Əjdahalı” xalçalarıdır. Bu xalçanın üstündəki əjdaha simvolu ruzi-bərəkət və qoruyuculuğu simvollaşdırır.

Bələdçimiz qeyd edir ki, muzeylərimiz arasında ilk dəfə olaraq Xalça Muzeyində Azərbaycan zərgərlər fondu fəaliyyət göstərir. Zərgərlik fondunda tunc dövrünə, 19-cu, 20-ci əsrə aid, həmçinin müasir zərgərlik nümunələri də nümayiş etdirilir. Hazırda muzeydə 800-dən çox zərgərlik eksponatı sərgilənir və bunların əksəriyyəti 19-20-ci əsrin əvəllərinə aid qadın zinət, bəzək əşyalarıdır.

Muzeydə kişilərə aid detallardan çox qadın geyimləri, kələğayılar diqqətimi çəkir. Azərbaycan xanımları həmişə geyimlərinə xüsusi yanaşıblar. Al-əlvan ipək parçalardan hazırlanmış geyimlər, örpəklər, tuman, kələğayı – hər birinin yaşı əsrlərlə ölçülsə də, şüşənin arxasında, işığın altında dərzi əlindən bu dəqiqə çıxmış kimi ecazkar görünür.

Sərniclər, küplər, badyalar – şüşənin altındakı bu eksponatlar mənə təkcə tarix kitabındakı şəkillərdən yox, həm də məişətdən tanışdır. Qazaxlı nənəmin “mis oğruları”ndan gizlədib evin çardağında saxladığı mis səhəngi, sərnicləri xatırlayıram...

Bir az irəlidə də yenə mənə çox tanış olan kilimləri görüb sevincək yaxınlaşıram. Bələdçimiz danışır, məlum olur ki, mənim “kilim” adı altında ümumiləşdirdiyim bütün xalçaçılıq nümunələrinin hər birinin ayrıca adı varmış: şəddə, vərni, cicim, palaz, kilim, ladı...

Yenə yaddaşımı vərəqləyirəm. Qarabağlı nənəm toxuduğu bu xalçalara “kilim”, qazaxlı nənəm isə öz toxuduqlarına “palaz” deyirdi. Mən ikisini də eyni şey sayırdım...

Bu yaxınlarda Novruz adətlərini araşdıranda “şəddə” adına rast gəlmişdim. Qədimdə ilaxır çərşənbədə qızlar yerə “Dama-dama şəddə” salıb üstündə oturarmışlar. Bununla arzulara daha tez çatacaqlarına, ilin daha bolluq və bərəkətlə keçəcəyinə inanarmışlar....

Bu da hana. Bir xanım xalça toxuyur. Əvvəlcə yaxınlaşıb bir az baxıram. Qadının barmaqları yuxarı-aşağı sürətlə hərəkət edir, ipləri çəkir, bir-birinə keçirir, kəsir və qəribə, ritmik bir ahəng eşidilir. Bu səs də mənə hardansa tanışdır, amma xatırlamağa vaxt sərf etmək istəmirəm, xalçaçı xanımla söhbətləşməyə başlayırıq.

Rəna xanım deyir ki, xalça toxumağa 8-10 yaşlarından başlayıb, 17 yaşından bəri xalçaçı kimi fəaliyyət göstərir. Əslən Lahıcdan olan xalçaçı bu işlə bibiləri, bacıları sayəsində tanış olub və sonradan xalçaçılıq sənətinə olan sevgisi ömrünü bu sənətə həsr etməsinə səbəb olub. Rəna xanım xalçaçı-rəssamlar Lətif Kərimov, İlqar Mikayılzadə, Kamil Əliyevin eskizləri əsasında xalçalar toxuyub və hazırda toxuduğu xalça Quba-Şirvan xalçaçılıq məktəbinin Quba qrupuna aid “Afurca” xalçasıdır.

Ən sıx toxunan xalçalar Quba xalçalarıdır.

Bir xalça ölçüsündən, növündən asılı olaraq 3-6 ay və daha çox vaxta başa gəlir.

Bələdçimiz İlahə xanım deyir ki, 1967-ci ildə muzey yaradılanda görkəmli xalçaçı-rəssam Lətif Kərimov kənd-kənd, şəhər-şəhər gəzib xalçaları toplayıb və muzeyə yığıb.

İçəridə gözə dəyənlər əsasən, əcnəbilərdir. Bələdçimiz deyir ki, müxtəlif ölkələrdən hər gün muzeyə ziyarətçilər gəlir, əsasən, Rusiya, İsrail və Avropa ölkələrindən gələn ziyarətçilər arasında bəzən dünyanın harasındasa bir sərgidə, muzeydə Azərbaycan xalçaları ilə tanış olub, gəlib vətənində görmək istəyənlər də olur.

Diqqətimi çəkən başqa bir eksponat da “Zəfər xalçası” olur. Qarabağ işğaldan azad olunduqdan sonra 2021-ci ildə əməkdar rəssam Tariyel Bəşirovun eskizi əsasında toxunmuş bu xalçada Qarabağın işğaldan azad edilmiş hissəsinin xəritəsi əks olunub. 6 aya toxunmuş xalçanın hər hissəsi həmin ərazidə toxunan xalça parçalarından ibarətdir, ana haşiyəsində isə Azərbaycanın dörd tərəfində toxunan xalçalardan parçalar toxunub. Ən kənarda da yallı rəqsi təsvir olunub. Xalçanın toxunmasında 48 rəngdən istifadə edilib, üstündə “Xarıbülbül” və “Əjdaha” ornamentləri əks olunub.

Xalça Muzeyində həmçinin “Azərbaycan sənət incilərinin vətənə qaytarılması layihəsi” çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyilə Avropanın auksionlarından alınmış xalçalar - Mədəniyyət Nazirliyi tərəfindən İtaliyadan alınmış “Quba Xalçası” və YUNESKO-nun şəxsi kolleksiyasından alınmış “Sırtçiçi” xalçası da sərgilənir.

16-17-ci əsrlərə aid bu xalça isə Əmir Oskue adlı təbrizli kolleksionerdən alınıb.

Bura isə keçmiş Qarabağ interyerini özündə əks etdirən otaqdır. Yerə döşənmiş xalça Qarabağ qrupuna aiddir və el arasında bu xalçaya “Ananın beş oğlu xalçası” da deyilir.

Muzeydə ekranlarda süni intellektin köməyilə Nizaminin əsərlərinin, Təbriz Miniatrü sənətinin müniatürləri də canlandırılır.

Azərbaycan xalçaçılıq sənəti dövlətçiliyimiz qədər qədim tarixə malikdir. Xalçalarımız bütün dövrlərdə məşhur olub. Tanınmış tacirlər, səyyahlar – yolu buradan keçən hər kəs xalçaçılıq nümunələrini özləriylə alıb aparmış, beləcə, yurdumuzun xalçalarının şöhrəti bütün dünyaya yayılmışdı. Azərbaycan xalçaçılıq nümunələri bu gün də dünyanın diqqət mərkəzindədir. Məsələn, 1-ci Təhmasibin sifarişi ilə Şeyx Səfinin şərəfinə toxunmuş 1539-cu əsrə aid “Ərdəbil xalçası” hazırda Londonda Viktoriya və Albert muzeyində qorunub, sərgilənir. Hətta muzeydə bu xalça üçün xüsusi şərq bölməsi açılıb.

Beləcə, muzeyi gəzib bütün eksponatlarla tanış oluram. Fikrim hələ də hanadan yayılan o ritmik səsdədir. Qəribədir ki, içəridə heç bir xüsusi qoxu yoxdur (nənəmin xalçaları, palazlarından həmişə “gəvə qoxusu” gəlirdi, muzeydə niyəsə o qoxunu almadım, bəlkə də səbəb xalçaların yuxarıda asılması, yaxınlaşa bilməməkdir). Xalça Muzeyin əsrarəngiz, rəngli, işıqlı, əfsunlu aurası xoş bir ovqat yaradıb...

Xalça Muzeyinin fəaliyyəti sayəsində xalça sadə məişət əşyası konteksindən çıxarılıb dünyaya əfsunlu tədqiqat obyekti kimi tədqim edilir. Bu gün Beynəlxalq Muzey Günü münasibətilə “Açıq qapı” elan edilən muzeylər siyahısında Xalça Muzeyi də var. Gedib muzeyi gəzib Azərbaycanın “uçan xalçaları”nın sehrinə siz də qapıla bilərsiniz...

FOTO: Elnur Muxtar

Chosen
0
37
teleqraf.com

10Sources