Akif Nağı: "Azərbaycanın siyasi hakimiyyəti dövlət maraqlarına uyğun olaraq çoxvektorlu xarici siyasət yürüdür"
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısında iştirakı onu göstərdi ki, heç də Azərbaycanın Avropa ölkələri ilə münasibətləri pis deyil. Əksər ölkələr, o cümlədən də Ermənistan Avropaya yarınaraq, onlara xidmət göstərərək, maraqlarına uyğun davranaraq hörmət qazanır, Azərbaycan isə bu hörməti müstəqil siyasət yürüdərək qazanıb. “Avropa Siyasi Birliyi”nin 6-cı sammiti bunu bir daha təsdiqlədi.
Bəziləri Azərbaycanın əsasən Mərkəzi Asiya, Çin, cənubi-şərqi Asiya və ərəb dünyasına yönəlik siyasətə daha çox üstünlük verəcəyini düşünürdü. Amma Azərbaycan prezidentinin Ursula Fon der Lyayen və Antonio Koşta ilə görüşləri, digər Avropa ölkələrinin dövlətimizə xüsusi maraq göstərməsi, çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi göstərdi ki, ölkəmiz Avropanı öz xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirir və xarici siyasətin bu istiqamətində heç bir zəifləmə yoxdur. Bu onu deməyə əsas verirmi ki, Bakı xarici siyasətdə çoxvektorlu və tarazlı siyasətini davam etdirir?
Baki-xeber.com-a məsələ ilə bağlı mövqe bildirən siyasi şərhçi Akif Nağı dedi ki, Azərbaycanın xarici siyasətinin balanslaşdırılmış siyasət kimi xarakterizə edilməsini o qədər də qəbul etmirəm: "Fikrimcə, bu ifadə Azərbaycanın xarici siyasətini özündə tam ifadə etmir. Azərbaycan siyasi hakimiyyəti dövlət maraqlarına uyğun olaraq çoxvektorlu xarici siyasət yürüdür. Yəni Azərbaycan öz xarici siyasətini Rusiya ilə də, Avropa ilə də öz təşəbbüsü ilə və öz maraqlarına uyğun olaraq qurur. Kimlərinsə Azərbaycana xoş və ya naxoş münasibətinin bizə heç bir dəxli yoxdur. Kiminlə necə münasibət qurmalı olduğumuzu biz özümüz müəyyən edirik. Rusiya, Çin, Avropa, ABŞ və s. hansı dövlət olur-olsun, onunla siyasi xətti biz müəyyən edirik. Çunki Azərbaycan müstəqil xarici siyasət yeridir. Azərbaycan öz siyasi iradəsi ilə təbii müttəfiqlərini seçdi və İkinci Qarabağ müharibəsində Ermənistanın təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladı və yüksək nəticəyə nail oldu - ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Həm 44 günlük müharibədə, həm də ondan sonrakı dönəmlərdə Azərbaycan dövlət maraqlarına uyğun hərəkət etdi və hamı da bununla hesablaşmaq məcburiyyətində qaldı. Qərb və Rusiya Azərbaycanın bu mövqeyinin əleyhinə idi, amma onlar hər ikisi bununla razılaşmaq zorunda qaldı.
Hazırda Avropa Siyasi Birliyi addım-addım öz reytinqini yüksəldir və Azərbaycanın da mövqeyi bu qurumda göz önündədir.
Hesab edirəm ki, bu qurum digər Avropa qurumlarından daha populyardır və daha nüfuzludur. Bu qurumda hər kəs öz mövqeyini sərbəst şəkildə nümayiş etdirə bilir. Bu qurumda hələlik kimlərinsə diktəsi hiss edilmir, kimlərsə öz şərtlərini diqtə etmir. Ona görə də Avropa Siyasi Birliyinin 6-ci zirvə toplantısında hamının kimliyi aydın şəkildə göründü.
Sammitdə birinci növbədə Azərbaycan Prezidentinin mövqeyi diqqəti cəlb etdi. Eyni zamanda, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan diqqət mərkəzində oldu. Hamının diqqəti bu iki liderə yönəlmişdi ki, görək onlar nəyi müzakirə edəcək. Avropanın hər iki liderinin birlikdə İlham Əliyevlə görüşməsi çox maraqla qarşılandı. Onlar bu formatda İlham Əliyevdən başqa heç kimlə görüşmədilər. Yalnız Ukrayna prezidentinə münasibət İlham Əliyevə münasibətlə müqayisə oluna bilərdi. Zelenskiyə münasibət isə məlumdur ki, Ukraynanın vəziyyəti ilə bağlıdır. Amma Azərbaycan prezidentinə münasibət ondan da fərqlənir, fərq isə ondadır ki, İlham Əliyevə münasibət qalib ölkənin liderinə münasibətdir. Bu onu göstərir ki, Avropa Azərbaycanın mövqeyi ilə hesablaşır.
Azərbaycan Prezidentinin Ursula Fon der Lyayen və Antonio Koşta ilə görüşu çox maraqlı keçdi, geniş spektrli məsələlər müzakirə edildi. Görüşdə Avropanın təhlükəsizliyindən tutmuş enerji təminatına qədər bütün məsələlər müzakirə edildi.
Maraq çəkən məsələlərdən biri bizə qarşı düşmən mövqedə olan Fransa prezidenti Emmanuel Makronun münasibəti oldu.
Makron özü Azərbaycan Prezidentinə yaxınlaşdı və xüsusi bir diqqət sərgilədi. O, bunu məcburiyyət qarşısında etdi. Makron sanki Paşinyanın tədbirdə iştirakını da unutmuşdu. Bu sammit Azərbaycanın doğru xarici siyasət yeritdiyini bir daha təsdiq etdi. Hesab edirəm ki, ölkə daxilində bütün siyasi qüvvələr bu uğuru etiraf etməlidir, çünki söhbət dövlətin uğurundan gedir".
Dəniz NƏSİRLİ