EN

Lamin Yamal: “Komanda üçün işləyirəm, rəqəmələr üçün yox”

“Barselona”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal meydandakı çıxışında üstünlük verdiyi məqamı açıqlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, yeniyetmə futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mən öz statistikam üçün deyil, komanda üçün işləyirəm. Ətrafdakıların nə dediyi mənim vecimə də deyil. Mən futbola köklənmişəm və öz klubuma kömək etməyə davam edəcəyəm”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 17 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 104 oyun, 24 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
11
arena.az

10Sources