Mayın 17-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresi işə başlayıb.
Publika.az xəbər verir ki, konqresin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqresdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.
Bu gün və sabah təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq.
Tədbirdə, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.