EN

“Masdar”: “Azərbaycan "yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”

Azərbaycan siyasi sadiqlik, zəngin təbii ehtiyatlar və əlverişli tənzimləyici mühit sayəsində bərpa olunan enerji mənbələrinə (BOEM) investisiya qoyuluşu üçün getdikcə daha cəlbedici istiqamətə çevrilir.

“Report” xəbər verir ki, bu barədə “Masdar” şirkətinin (BƏƏ) baş maliyyə direktoru Mazin Xan Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, BƏƏ və Azərbaycan bənzər yol keçir: əvvəllər neft və qaza yönəlmiş hər iki ölkə bu gün dayanıqlı enerji balansına can atır. M.Xan hesab edir ki, bu keçid təkcə ekoloji zərurət deyil, həm də iqtisadi cəhətdən əsaslandırılmış strategiyadır.

"İnvestor nöqteyi-nəzərindən bizi Azərbaycana cəlb edən üç əsas amili qeyd edərdim", - M.Xan vurğulayıb.

Onun sözlərinə görə, birinci amil ölkə rəhbərliyinin BOEM-in inkişafına yüksək dərəcədə sadiqliyidir: "Artıq qeyd edildiyi kimi, 2030-cu il üçün hədəflərə çox güman ki, vaxtından əvvəl nail olunacaq. Bu, real göstəricidir - qanunlar qəbul edilir, həyata keçirilmə mexanizmləri işə salınır. Özəl investorlar üçün bu əsas siqnaldır".

İkinci amil təbii ehtiyatların, xüsusilə günəş və külək enerjisinin mövcudluğudur. "Azərbaycanda həm quruda, həm də dənizdə böyük külək enerjisi potensialı var və o, hələ kifayət qədər reallaşdırılmayıb. Biz burada "ağıllı" texnologiyaların tətbiqi və layihələrin miqyasının genişləndirilməsi üçün imkanlar görürük", - baş maliyyə direktoru bildirib.

Üçüncü amil tənzimləyici mühitin yaxşılaşdırılmasıdır. "Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun artıq qeyd etdiyi kimi, ölkədə sabit normativ baza yaradılıb. Elektrik enerjisinin alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilələr (PPA) xüsusilə vacibdir, bunlar borc kapitalının cəlb edilməsinə yol açır", - “Masdar”ın nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, qaydaların sabitliyi və şərtlərin proqnozlaşdırıla bilməsi investisiya qərarlarının qəbul edilməsi üçün həlledici amildir. Nəticədə “Masdar” artıq təkcə Azərbaycan bazarına daxil olmayıb, həm də irimiqyaslı layihələr həyata keçirir:

"Qaradağ rayonunda artıq 230 MVt gücündə günəş elektrik stansiyası işləyir. Lakin biz bununla kifayətlənmirik: qısa və orta müddətli perspektivdə ümumi gücü 10 giqavata qədər olan layihələrin inkişafına dair saziş imzalanıb. Biz böyük potensial və Azərbaycanın xeyrinə olan çoxsaylı amillər görürük", - baş maliyyə direktoru bildirb.

Chosen
0
50
report.az

10Sources