EN

Ekspert: "Böyük dövlətlərlə ticarət vasitəçiliyi Mərkəzi Asiya və Qafqaz ölkələrinə fayda gətirir"

Neytral ölkələr, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazda yerləşənlər böyük dövlətlər arasında ticarətdə vasitəçilik etməklə iqtisadi faydalar əldə edirlər.

"Report" xəbər verir ki, bunu London İqtisadiyyat məktəbinin dekanı, iqtisadiyyat üzrə professor Sergey Quriyev Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində keçirilən "Regional iqtisadi perspektivlər" adlı panel müzakirəsində bildirib.

"Biz hələ də ABŞ və Çin arasında davam edən ticarət müharibəsi şəraitində yaşayırıq, hətta tariflərin qismən azalmasına baxmayaraq. Bu vəziyyətdə münaqişənin hər iki tərəfi ilə ticarət əlaqələrini saxlamağı bacaran ölkələr qazanır. Təcrübədə biz artıq bunun təsdiqini görürük", - o qeyd edib.

S.Quriyev qeyd edib ki, EBRD-in təhlilinə əsasən, Qafqaz və Mərkəzi Asiya ölkələri 2022-2023-cü illərdə sanksiyaların tətbiqindən sonra Rusiya və Qərb arasında ticarətdə vasitəçi rolundan faydalanıblar.

İqtisadçı, həmçinin 2022-2023-cü illərdə təcrübəli mütəxəssislərin Rusiyadan bu regionlara kütləvi şəkildə köçməsinin qısamüddətli müsbət təsirini xatırladıb: "İnsan kapitalına və maliyyə resurslarına sahib yüz minlərlə rusiyalı qonşu ölkələrə köçüb. Bu, bir növ təklif şoku oldu, lakin bu birdəfəlik idi və davamlı artım mənbəyi ola bilməz".

Eyni zamanda, S. Quriyev qeyd edib ki, regionun bir sıra ölkələrində iqtisadi artım templəri yavaşlayır, buna səbəb isə əsasən onların iqtisadiyyatlarının xeyli asılı olduğu xammal məhsullarının qiymətlərinin aşağı düşməsidir. EBRD-in iqtisadi proqnozlarının aşağı istiqamətdə düzəlişi məhz bununla izah olunur.

"Buna baxmayaraq, strateji perspektivdə qlobal münaqişələrdə neytrallığını qoruyan ölkələr unikal imkanlar əldə edirlər. Bu, təkcə Mərkəzi Asiya və Qafqaza deyil, həm də Yaxın Şərqə aiddir. Onlar eyni zamanda müxtəlif iqtisadi bloklarla qarşılıqlı əlaqə saxlaya və ticarət vasitəçiləri funksiyasını yerinə yetirə bilərlər. Bu, neytral mövqe tutan ölkələr üçün müsbət siqnaldır", - o yekunlaşdırıb.

Chosen
0
50
report.az

10Sources