EN

Prezidentin təltif etdiyi “Şərəf” ordeni Məmmədbağır Əliyevə təqdim edilib

Azərbaycanın Rusiyadakı səfirliyində Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tanınmış onkoloq Məmmədbağır Əliyevə “Şərəf” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Qaziler.az “Report”a istinadla xəbər verir ki, dövlət mükafatını alimə səfir Rəhman Mustafayev təqdim edib.

M. Əliyev Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ordenə layiq görülüb.

Ordeni təqdim edərkən səfir bu mükafatın xüsusi əhəmiyyətini vurğulayıb: “Bu, həqiqətən çox nüfuzlu və dərin bir mükafatdır, dövlətlərarası münasibətlərin inkişafına – istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də humanitar əməkdaşlıq sahəsində böyük töhfəni təcəssüm etdirir”.

Akademik Məmmədbağır Əliyev əməyinə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib. “Xüsusilə vurğulamaq istəyirəm ki, bu mükafatı böyük Zəfərimizdən sonra almaq ikiqat şərəfli və sevindiricidir”, – o bildirib.

Alim qeyd edib ki, o, bu mükafatı Rusiya – Azərbaycan elmi və humanitar əlaqələrin inkişafına yönəlmiş səylərin tanınması kimi qəbul edir.

“Vətənimiz birdir, yaşayış mühiti isə müxtəlif ola bilər”, – M. Əliyev əlavə edib.

Təqdimetmə mərasimində həmçinin akademik Məmmədbağır Əliyevin azərbaycanlı tələbələri, həmkarları və onkologiya sahəsində çalışan elmi ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Chosen
0
1
qaziler.az

10Sources