EN

Ağ Evin Gürcüstandan niyə “üzü döndü”

Vaxtilə Tiflisi özünün Cənubi Qafqazdakı “qalası” hesab edən Qərb qonşu ölkəni unudub; ekspert: “Gürcüstan hazırda nə ABŞ üçün prioritetdir, nə də ABŞ Gürcüstan üçün ”xilasedici" bir gücdür"

ABŞ-Gürcüstan münasibətlərində qəribə bir “taym-aut” yaranıb. 2004-2008-ci illərdə NATO-ya üzv olmaq istəyən, bu istiqamətdə Ağ Ev başda olmaqla, Qərbdən dəstək alan rəsmi Tiflis sonrakı dönəmlərdə Rusiyanın işğalçı hücumunun qarşılığında faktiki olaraq çarəsiz duruma düşdü. Lakin bütün bunlara baxmayaraq, gürcülərin Qərb demokratiyasına ümid bəsləməkdə və Qərbə inteqrasiya istiqamətində səylərini davam etdirdilər.

Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına giriş üçün viza tələbinin ortadan qaldırılması da Gürcüstana əlavə üstünlüklər yaradırdı. İşğal altında olan Abxaziya və Cənubi Osetiyanın azad edilməsi istiqamətində ABŞ-ın Rusiya qarşısında konkret tələbləri də unudulmayıb. Lakin sonrakı dönəmlərdə, xüsusilə də Bayden administrasiyasının son illərində rəsmi Vaşinqtonun Gürcüstandan üzü döndü. Qərbin vədlərinin sadəcə boş olduğunu anlayan Gürcüstan rəhbərliyi xüsusilə də Ukraynanın yaşadığı dəhşətlər fonunda Rusiya ilə daha ehtiyatlı davranmağa başladı. Lakin bundan sonra ABŞ tərəfindən Gürcüstana qarşı basqılar artdı, hətta ölkənin daxili işlərinə açıq müdaxilələrin şahidi olduq.

Maraqlısı budur ki, Donald Trampın hakimiyyətə gəlişindən sonrakı dönəmdə də ABŞ-ın Türkiyəyə, Rusiyaya, hətta Ermənistana münasibətin müəyyən dəyişikliklər baş versə də, Gürcüstan istisnadır. Belə demək mümkünsə, D.Tramp da Tiflisə sarı baxmır. Zamanında Tiflisi özünüN Cənubi Qafqazda “qalası” hesab edən Qərb nəinki bu ölkəyə diqqət göstərmir, hətta Gürcüstanın sanksiyalarla təhdid olunması və yaxud bu ölkəyə qarşı sanksiyaların ilkin fazasının işə salınması da baş verdi. Ölkədə keçirilən prezident seçkisinin nəticələrinə şübhə etməkdən tutmuş, çevriliş, inqilab ssenarisinin işə salınasındadək bir sıra planlar qurulsa da, Gürcüstan hakimiyyəti planları pozdu. Beləcə, Gürcüstanı peşman etdilər. Gürcüstanın Qərb qrantlarına, USAİD-ə bağlı vətəndaş cəmiyyəti şəbəkəsinin hakimiyyətə dirənişi də nəticə vermədi. Maraqlıdır, bəs niyə Gürcüstana münasibət əvvəlki kimi, Bayden dövründəki kimi qaldı? Nə səbəbə Ağ Ev Gürcüstanın kürəyinə qoyulan “mişar daşı”nı götürmək istəmir? Konkretləşdirsək, ABŞ Gürcüstandan nə istəyir?

Tural

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, ABŞ üçün Gürcüstan, sadəcə, Qafqazda yerləşən bir ölkə deyil, eyni zamanda Rusiyanın “yumşaq qarın” adlandırdığı bölgədə strateji dayaq nöqtəsidir: “2008-ci il müharibəsindən sonra ABŞ Gürcüstanı NATO-ya yaxınlaşdırmaqla Rusiyanı balanslaşdırmaq istəyirdi, amma bu proses həm NATO daxilindəki çəkingənliklərə, həm də Gürcüstandakı siyasi xaosa görə dayanıb. Gürcüstan ABŞ üçün bir test bölgəsidir - demokratiya ixracının və "postsovet məkanında rəngli inqilabların" nəticəsinin canlı laboratoriyasıdır. Trampın birinci dövründə Amerikanın xarici siyasəti daha çox transaksional, yəni alver üzərində qurulmuşdu, amma Gürcüstan kimi iqtisadi və hərbi baxımdan “qazandırmayan” ölkələr Trampın maraq dairəsindən kənarda qaldı. Buna baxmayaraq, ABŞ-ın Gürcüstana münasibəti struktur səviyyəsində dəyişmədi, çünki bu münasibət fərdi prezidentlərin iradəsindən daha çox Dövlət Departamenti və Pentaqon kimi institusional aktorlar tərəfindən yönləndirilir. Bayden dövründə Gürcüstan daha çox “demokratik meyarlar” kontekstində dəstəklənsə də, bu dəstək heç vaxt kritik mərhələyə keçmədi. Hazırda Tiflisdə qəbul edilən “xarici təsirin şəffaflığı” qanunu Qərb üçün bir siqnaldır. ABŞ isə bu siqnalı ciddiyə alır, amma açıq şəkildə müdaxilə etməməyə çalışır - çünki artıq “rəngli inqilab” modeli Qərbin özündə də şübhə altındadır. Digər tərəfdən, ABŞ Gürcüstanda Rusiyanın “təsirinin artmasından” ciddi narahatdır, lakin bu narahatlıq konkret siyasi və hərbi addımlara çevrilmir".

T.İsmayılov bildirdi ki, Tiflis uzun müddət Qərbə yaxın olmağa çalışsa da, bu yaxınlıq Gürcüstanda nə iqtisadi sabitlik, nə də təhlükəsizlik təmin edə bildi: “ABŞ Gürcüstandan əsasən regionda Rusiyaya qarşı dayaq rolu oynamağı, enerji və nəqliyyat dəhlizlərində sabitlik yaratmağı gözləyirdi. Rusiya isə Gürcüstanda həm sərt güc (Abxaziya və Cənubi Osetiya vasitəsilə), həm də yumşaq güc (media, din, rusdilli əhali) ilə mövcudluğunu qorumaq istəyir. ABŞ-ın Gürcüstana qarşı "etinasızlıqla diqqətli" münasibəti bu səbəbdəndir. Yəni görünüşdə səssizdirlər, amma arxa fonda izləmə və təsir mexanizmləri hələ də iş başındadır. Vaşinqton Gürcüstanda rejim dəyişikliklərinə açıq şəkildə dəstək vermək istəmir, çünki bu, Rusiyanın əlinə yeni təbliğat silahı verər. Digər tərəfdən, ABŞ üçün Ermənistan bu gün manipulyativ ölkədir - Paşinyan rejimi Qərbə yaxınlaşmaq mövzusunda oyunlar oynayır və bu da İrəvanı Tiflisdən daha cazibədar edir. Gürcüstanın Ukraynaya açıq dəstək verməməsi, sanksiyalara qoşulmaması ABŞ-da “dostmu, yoxsa neytralmı?” sualını gündəmə gətirir. Tramp dövründə bu sual daha çox “neytraldır, öz işinə baxır” kimi cavablandırılır. Hazırda da ABŞ Gürcüstandan konkret nə istədiyini dəqiq bilmir - nə NATO-ya almağa risk edir, nə də tamamilə gözdən çıxarır. Gürcüstanda anti-Qərb ritorikasının artması, “xarici agentlər” qanunu kimi dövlətçi addımlar ABŞ üçün xəbərdarlıq siqnallarına çevrilib. Buna rəğmən, ABŞ-ın reaksiyası yumşaq diplomatik bəyanatlardan o yana keçmir".

Ekspert qeyd etdi ki, Gürcüstan hazırda nə ABŞ üçün prioritetdir, nə də ABŞ Gürcüstan üçün “xilasedici” bir gücdür: “ABŞ indi daha çox Azərbaycan, Ermənistan və Mərkəzi Asiyaya diqqət edir. Belə görünür ki, Ağ Ev Gürcüstanda status-kvonu qorumağa çalışacaq - nə çox yaxın, nə çox uzaq. ABŞ Gürcüstandan sabitlik, enerji təhlükəsizliyi və minimum anti-Qərb ritorikası gözləyir. Əvəzində isə ona real dəstək yox, sadəcə, strateji səbr təklif edir. Hazırda bu münasibət daha çox bir "dondurulmuş maraq" halındadır - yəni nə itirilir, nə də sərmayə qoyulur".

E.PAŞASOY,
“Yeni Müsavat”

Chosen
0
49
musavat.com

10Sources