EN

Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?

Son dövrlər bir sıra banklar SMS məlumatlandırma xidmətlərinin tariflərində dəyişikliklər edib.

Müştərilər üçün vacib olan bu xidmətin qiymətində 3 dəfəyə qədər artırılıb. Məsələn, “Kapital Bank”da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. Eyni tendensiya “Unibank”da da müşahidə edilir – burada da xidmət haqqı 1 AZN-dən 3 AZN-ə qaldırılıb. “Expressbank” müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZNverirlər. “Ziraat Bank Azərbaycan”da tarif 2 AZN-dən 3 AZN-ə, “AFB Bank”da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib. “Bank Respublika” əvvəl müəyyən kartlar üçün SMS xidmətini pulsuz təqdim edirdi, digər kartlar üçün isə aylıq 0,99 AZN tarif tətbiq edirdi. Lakin indi bütün kartlar üçün aylıq 2 AZN məbləği müəyyən edilib və əlavə olaraq, ay ərzində 100-dən çox SMS göndərildikdə hər mesaj üçün 0,06 AZN tutulur.

Bəs bankların məlumat SMS-lərini kəskin bahalaşdırmasının səbəbi nədir və bu, nə dərəcədə doğrudur?

Əkrəm

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, məsələ bankların gəlir modelinin dəyişməsi ilə bağlıdır:

“Çox zaman deyirik ki, Avropa banklarında kredit faizləri aşağıdır. Amma heç vaxt demirik ki, orada komissiya haqları yüksəkdir. Yəni Avropada, inkişaf etmiş ölkələrdə kredit faizləri aşağıdır, amma komissiyalar yüksəkdir. Çünki aydındır ki, bankın göstərdiyi hər bir xidmətə görə xərc çəkilir və oradan qazanc da götürməlidir. Yəni kredit verəndə aydındır ki, kreditin məbləği bankın öz pulu deyil, o da əmanətçidən cəlb edir faizlə, üzərinə özü də faiz qoyur qazanc üçün. Amma yalnız söhbət qazancdan getmir, xərc də var axı. İşçi saxlayır, bina saxlayır, inkubator xərcləri və sair. Sabah iş məhkəməyə düşə bilər – hamısını üstünə qoyur, verir. Eynilə digər xidmətlərdə də, məsələn, pul köçürməsi, SMS bildirişlər göndərir – bunların hamısına bank xərc çəkir. Min dənə dərdi var. Məsələn, gərək informasiya təhlükəsizliyi sistemi olsun. Son zamanlar hamımız şikayətlənirik ki, bank kartlarında pullar oğurlanır və sairə. Bunların hamısı onunla bağlıdır ki, onların təhlükəsizlik sistemi günün tələbinə cavab vermir. Deməli, indiyə qədər banklar belə bir strategiya tutmuşdular ki, maksimum gəlirləri kredit faizlərindən tutsunlar. Buna görə də kredit faizləri yüksək idi. Lakin digər xidmətləri, o cümlədən pul köçürmələri, SMS xəbərdarlıqları, bank kartları – onları ya pulsuz edirdilər, ya da çox aşağı komissiya haqqı ilə. Hansı ki, nəinki banka qazanc gətirmirdi, heç bəzən ümumiyyətlə xərclərini də bağlamırdı. Yəni bizim banklarımızın belə yanaşması var idi ki, bütün gəliri kredit alanlardan tutsun, amma digər müştərilərə maksimum şərait yaratsın ki, gəlib onun xidmətindən istifadə etsin. Yəni kartını o bankdan açsın, pulunu o bank kartından hesaba köçürsün və sairə. İndi banklar birdən-birə dəyişmək istəyirlər: Avropa bankları kimi kredit faizlərini tədricən azaldıb, komissiya haqlarını isə artırırlar”.

Xalidə Gəray
Musavat.com

Chosen
0
8
musavat.com

10Sources