EN

Paşinyandan növbəti SÜLH AÇIQLAMASI: Rəsmi İrəvan nə etmək istəyir?- ŞƏRH

“Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib. Nəzərə alaq ki, sözügedən prosesə bir il qalmış bir tərəfdə Ermənistanın siyasi arenası gərgin rəqabət içindədir, digər tərəfdə isə cəmiyyət uydurulan miflə reallıq arasında mübarizə yaşayır. Bu dönəmdə və psixoloji durum altında verilən istənilən açıqlama ilk növbədə ya hakimiyyətə gəlmək, ya da onu qoruyub saxlamaqla birbaşa bağlıdır”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda müxalifət Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün qorxu hekayələr uydurduqca Paşinyan da sülh toxumları səpməklə onun xeyrindən yararlanmağa çalışır:

“Çünki indiki məqamda Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə olmaqla əsas aktorların diqqəti Ukraynaya yönəlib. Bu məsələ çox uzandığından hesab edilir ki, artıq həlli tapılmalıdır. Paşinyan həm də başsız qalıb. Siyasi strateq Armen Badalyan da Paşinyanın parlamentdəki son isterik hərəkətlərini şərh edərkən onun “damsız” qaldığını deyib. Yanlış təxəyyülün sonu çatanda yeni bir nəzəriyyəyə baş vurmağa hər zaman ehtiyac duyulur. Buna görə də Paşinyan bilir ki, “Böyük Ermənistan” mif və gözə üfürülən küldür. O indi əlində nə varsa, onunla kifayətlənərək real Ermənistan qurmaq istəyir. Buna görədir ki, Ermənistanın Baş naziri məhz bildirib ki, hakim Vətəndaş Müqaviləsi partiyası 2026-cı ildə seçkilərə bu konsepsiya ilə gedəcək və dəstək alacaq. Paşinyan həm də özündən sonra irs qoymaq istəyir, məğlub lider obrazı ilə anılmaq istəmir. İstəyi “Əsl Ermənistan” anlayışını erməni xalqının rəsmi ideologiyasına çevirməkdir. Onun fikrincə bu yanaşma şəxsiyyətin inkişaf etdirilməsi vasitəsinə çevrilməlidir. Müxalifət isə onu İrəvanın milli kimliyin əsasını təşkil edən prinsipləri rədd etdiyini bəyan etməkdə ittiham edir. Bu ittihamda Qarabağ məsələsi qədər, erməni soyqırımı, onun beynəlxalq aləmdə tanınmasına nail olmaq amili də var. Xarici işlər naziri Ararat Mirzoyan da bu amili tarixçilərin ixtiyarına buraxmağı təklif edərək Osmanlı İmperiyasında erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsinin İrəvanın xarici siyasəti üçün prioritet olmadığını bildirib. Paşinyan və komandası Türkiyə ilə tez nəticələrə ümid edir. Türkiyə və Azərbaycan faktorunun da bir-birindən ayrı tutulmayacağını mövcud komanda aydın dərk edir”.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev bildirib ki, Ermənistan normal siyasət yürütsəydi, Gürcüstan kimi tranzit ölkə ola bilərdi, amma bütün bunları boş ideallara qurban vurdu:

“Odur ki, etibarsız mifologiyalara inanmağın sonu yoxdur. Nağıllar dünyasından ayılmaq lazımdır. Ermənistan üçün möcüzə gözləməyin sonu yoxdur təcrübəsi sınaqdan uğursuzluqla keçdi. Müxaliflərin müharibə, ideallara xəyanətin ara dan qaldırılması kimi coşğulu və boş şüarlar səsləndirdiyi vaxtda ardıcıl fantaziyaları sıralamaqdansa, Paşinyan real işləri bir-birinin ardınca düzsün. Əsl məqamdır. Paşinyan belə səmimidirsə, seçkilərə qədər ATƏT-ə birgə rəsmi müraciət ünvanlansın və Minsk Qrupu adlı lazımsız təsisat ləğv edilsin. Ardınca isə Konstitusiyada dəyişiklik edilsin və sülh müqaviləsi imzalansın. Müharibə Ermənistan üçün fəlakət deməkdir. Ermənistana xeyir gətirəcək yeganə amil sözləri əmələ çevirməyin tarixi imkanlarını və mövcud fürsətləri gec olmadan dəyərləndirməkdir”.

//Gülnarə Abasova, Editor.az

 

 

Chosen
0
editor.az

1Sources