Olaylar.az xəbər verir ki, Ağ Evin yaydığı açıqlamada nazirin sözlərinə istinadən deyilir: "ABŞ və Çin çox vacib ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə ediblər". Skott Bessent qeyd edib ki, danışıqlar məhsuldar keçib.
Ağ Evin məlumatına görə, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir də danışıqların "iki çox konstruktiv gün" ərzində keçdiyini bildirib. O vurğulayıb ki, razılaşmanın bu qədər tez əldə olunması, mövcud fikir ayrılıqlarının gözlənildiyi qədər dərin olmadığını göstərir.
Çinin Dövlət Şurasının vitse-premyeri Xə Lifən isə ABŞ və Çinin "vacib konsensusa" gəldiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər "bərabərhüquqlu dialoq yolu ilə fikir ayrılıqlarının həlli istiqamətində önəmli addım atıblar".
10-11 may tarixlərində İsveçrədə ABŞ və Çin nümayəndə heyətləri arasında iki rəsmi görüş keçirilib. Bu, ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan mallara 145%-lik gömrük rüsumu tətbiq etməsindən və Pekinin 125%-lik qarşı tədbirlərindən sonra baş tutan ilk rəsmi görüş olub.
Tramp da danışıqların ilk raundunun nəticələrini müsbət qiymətləndirib və tərəflərin "dostyana və konstruktiv şəkildə" münasibətləri bərpa etməyə razılaşdıqlarını bildirib.