EN

Qəzza rəsmi olaraq aclıq bölgəsi elan edilib

İsrailin humanitar yardımı əngəlləməsi səbəbindən Qəzza zolağında milyonlarla fələstinli aclıq və xəstəliklə mübarizə aparır. Bölgədə fəaliyyət göstərən humanitar təşkilatlar işlərini dayandırmaq həddinə çatıb...

Poliqon xəbər verir ki, İsrailin 2 mart tarixindən bu yana Qəzzaya humanitar yardım girişini tamamilə dayandırması nəticəsində təxminən 2,4 milyon fələstinlinin yaşadığı bölgədə ərzaq, dərman və digər əsas ehtiyaclara çıxış demək olar mümkünsüz hala gəlib. Humanitar təşkilatlar fəaliyyətlərinin dayanma nöqtəsinə çatdığını bildirir.

Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Mustafa Qəzzəni rəsmi olaraq "aclıq bölgəsi" elan edib. Dünya Bankının məlumatlarına əsasən, 19 aydır davam edən hücumlar nəticəsində bölgədə yaşayanların demək olar ki, hamısı yoxsullaşıb. Əhalinin 90 faizindən çoxu evlərindən zorla köçürüldüyü üçün humanitar böhran daha da dərinləşib. Çox sıx şəraitdəki sığınacaqlarda və ya açıq havada yaşamaq məcburiyyətində qalan fələstinlilər həm aclıq, həm də yoluxucu xəstəliklərlə üz-üzədir. Qəzza sakini Xalid Əbdürrəhman son pulları ilə aldığı unun içindən çıxan həşəratları göstərərək deyib: "Bu, bir gün daha yaşamaq deməkdir. Xarab olsa da, yeməyə məcburuq, başqa çarəmiz yoxdur".

Qəzza zolağında uşaqlar arasında aclıqdan ölüm halları qeydə alınarkən, İngiltərədə İsrailin hüquqlarını müdafiə edən hüquqşünasların təmsil olunduğu "İsrail üçün Britaniyalı Hüquqşünaslar" (UKLFI) adlı qeyri-hökumət təşkilatı bölgədəki vəziyyətin "piylənmənin azalmasına səbəb ola biləcəyini" iddia edib. Bu açıqlama böyük etiraz doğurub. Qurum "hazırkı müharibə şəraiti başlamazdan əvvəl Qəzzadəkı əsas sağlamlıq problemlərindən birinin piylənmə olduğunu nəzərə alsaq, yaşam müddətini artıracaq amillər gözardı edilə bilməz" deyə bildirib.

"Ərəb-Britaniya Anlayış Şurası"nın rəhbəri Kris Doyl isə bu açıqlamaya cavab olaraq deyib: "İsrailin 2,3 milyon fələstinlini zorla pəhrizə məcbur edərək piylənməni azaltması nə qədər "zərif" bir yanaşmadır. Bu iyrənc fikri dilə gətirmək inanılmaz bir şeydir".

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources