Bolqarıstan Prezidenti Rumen Radev ölkənin avrozonaya qoşulması məsələsi ilə bağlı milli referendum keçirilməsi təklifini Xalq Məclisinə təqdim edəcək.
“Report” Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısı "Bolqarıstanın 2026-cı ildə vahid Avropa valyutası olan "avro"nu qəbul etməsinə razısınızmı" sualı ilə ümummilli referendumun keçirilməsi təklifini Xalq Məclisinə təqdim edir", - məlumatda qeyd olunub.
Məlumatda Radevin sözlərinə istinadən bildirilib ki, vahid Avropa valyutasının tətbiqi inandırıcı milli konsensus əsasında həyata keçirilməlidir, çünki cəmiyyətdə bu məsələ, həmçinin onun qəbul ediləcəyi tarixlə bağlı vahid fikir yoxdur.
Parlament komitələrində müzakirələrdən sonra deputatlar plenar iclasda referendumun keçirilib-keçirilməyəcəyi barədə qərar qəbul edəcəklər.
2024-cü ilin avqustunda Bolqarıstan Xalq Məclisi milli valyuta kimi avroya keçid haqqında qanunu son oxunuşda qəbul edib. Avronun tədavülə nə zaman buraxılacağı hələ məlum deyil, bunu Avropa İttifaqı Şurası təsdiqləyəcək. Bu, 2026-cı il yanvarın 1-dən tez olmayacaq.