Moskva, 12 may, AZƏRTAC
Rusiyanın Sənaye və Ticarət Nazirliyi cari ilin sonunadək Azərbaycanda müştərək sənaye parkının işə salınacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət nazirinin müavini Roman Çekuşov Daşkənddə keçirilən “İnnoprom. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində TASS agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Sumqayıt şəhərində həyata keçirilən layihə respublikanın ərazisində Rusiya və Azərbaycanın ilk müştərək müəssisəsi olacaq. Nazir müavini əmin olduğunu bildirib ki, bu təşəbbüs Rusiyanın digər müəssisələrinin marağına səbəb olacaq.
Nazir müavini onu da xatırladıb ki, artıq Özbəkistanda – Çirçik və Cizakda Rusiya şirkətlərinin idarə etdiyi iki sənaye parkı fəaliyyət göstərir. 2025-ci ildə Nəvai və Buxarada daha iki sənaye parkının açılması nəzərdə tutulub. Bundan başqa, Daşkənd vilayətində də sənaye parkı işə salınacaq.
R.Çekuşov əlavə edib ki, Tacikistanda Düşənbə maşınqayırma zavodunun bazasında sənaye parkının yerləşdirilməsi məqsədilə obyektlərin rekonstruksiyası nəzərdə tutulur. Rusiya şirkətləri artıq bu layihəyə maraq göstərib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva