EN

Canavara mərhəmət quzuya zülm deməkdir – Turalın oxlanması boyu

Dünən İsveçrədə yaşayan və ictimai əsaslarla qəzetimizlə əməkdaşlığını davam etdirən Elbəyi Həsənli bir maraqlı status paylaşmışdı.

Həmkarımızın qeydlərinin müxtəsər icmalı bundan ibarətdir ki, o, bu yaxınlarda (apreldə) Bakıda olanda bir iş adamı ilə görüşüb və biznesmen tanışı ona maraqlı və ibrətamiz bir söhbət edib.

Heç demə, Eldar Mahmudovun milli təhlükəsizliyimizi becərdiyi illərdə həmin bu biznesmeni tutub aparıb, MTN-nin 6-cı mərtəbəsindəki “zirzəmi”sinə basıblarmış. Adam adicə iş adamı, 3-5 manat qazananlardan biri olub və milli təhlükəsizliyimizə qarşı hər hansı bir fəaliyyəti yoxmuş. Amma bu, onun həmin əzəmətli binada müsafir edilməsinə mane olmayıb.

Bilmirəm, indiki cavanlar o haqq-hesabı bilirlər, ya yox, amma bu, bir gerçək idi: Mahmudovun vaxtında beləydi ki, ölkədə 50-100 mindən çox pul qazanan adamlar nazirin çetesinə aylıq və ya birdəfəlik xərac verməliydi. Verməyənləri tutur, aylarla saxlayır, istədiklərini alır, özünü də xəstə salıb buraxırdılar. Özəl biznesdən ta dövlət müəssisələrinə (Metropoliten, banklar, şirkətlər, firmalar və s.) qədər heç kəs kənarda qalmayıb.

Bir milyonçunun əlində, ovcunda nəyi var almış, özünü borca və dərdə salmışdılar (ailəsi dağılmış, gənc övladları ölmüşdü). Neçə villanın yiyəsi axırda gedib Neftçalada sınıq-sökük vaqonda yaşayırdı. Bu yaxınlarda rəhmətə getdi. Axirət varsa, o, orada Ziyad Səmədzadəni, Eldar Mahmudovu, Mövlam Şıxəliyevi və o biri generalları gözləyir, yaxalarından yapışıb deyəcək ki, mənə qarşı düz eləmədiniz.

Elbəyinin tanışı olan biznesmeni də o günə və o yerə salıbmışlar, dostunun əleyhinə ifadə və yarım milyon pul istəyirmişlər. Bu da görüb ki, müflis olmağı cəhənnəmə, arada adı-sanı, etibarı gedəcək, 60 min manat verməyə razılaşıb, buraxıblar, gedib dost-tanışdan borc-xərc eləyib, gətirib milili təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmış generalların pulunu verib, canınıı qurtarıb.

Ancaq gün gəlib, Mahmudovu qəfildən işdən götürüblər və məsələ naziri işdən çıxarmaqla bitməyib. MTN necə bərbad günə düşübmüşsə, nazirliyi yerli-dibli ləğv ediblər və çetedəki reket generalların hamısını yığıblar içəri. Belə olanda həmkarımızın tanışının 60 minini əlindən almış MTN zabitini (o da yəqin ki, aşağısı polkovnik olub) də sorğu-suala çəkiblər. O anlayıb ki, Beriya tutulanda əlaltılarının hamısı qandallandığı kimi Mahmudovun yaxın ətrafdakıların da hamısını tutacaqlar, ona görə də vaxtilə “içəridə” ağlatdığı biznesmenin yanına gəlib, ağlayıb-sıtqayıb ki, ondan şikayət etməsin, üzünə durmasın.

Bəs bizim zərərçəkmiş, “zirzəmi”də çarəsizlikdən hönkür-hönkür ağlamış biznesmen nə edib? Heç nə. Bağışlayıb, şikayətçi olmayıb. Ona görə də ola bilər, reket generallar tutulanda o adam kənarda qalıb.
Yəqin ki, bu yerdə fikirlər haçalanacaq. Bəziləri deyəcək ki, zərərçəkmiş bisnesmen reket “em-te-en”çini nahaq bağışlayıb. Bir qism adam da düşünəcək ki, düz eləyib, bağışlayıb, yazıqdır, balaları var.

Ancaq bu dəyişməz həqiqətdir ki, qatilə, quldura mərhəmət etmək, onları vaxtından tez azadlığa buraxmaq qısa müddətdən sonra bir günahsız adamın qətlinə, neçə-neçə adamın soyğuna məruz qalmasına bais olmaq deməkdir. Sən caniyə mərhəmət edirsən, bu, avtomatik olaraq onun gələcək qurbanına zülm etmək demək olar.

“Dədə Qorqud” filminin son epizodlarını xatırlayın. Xalqın uşağı əlində qılınc, düşmənlə vuruşanda, dərədə nazlı dilbərinə gül-çiçək toplayan mərhəmətli Tural onun atasının üstünə qılınc çəkmiş və atından salınaraq yerdə çarəsiz buraxılmış Alparuza rəhm edir, onu qılınclamır. Bəs Alparuz nə edir? Oxunu kamana qoyur, atını sürüb uzaqlaşmaqda olan ürəyiyumşaq Turalı belindən oxlayır.

Demək, zalıma, qarı düşmənə mərhəmət etmək olmaz, əlinə fürsət keçən kimi “oxu qoydum kamana” aktı törədəcək.

Biznesmenin bağışladığı polkovnik sistemdən qovulmayıbsa, işinə davam edibsə, reketliklə topladığı böyük pulların hesabına oğlunu xaricdə, prestijli universitetlərin birində oxutdurub, altına lüks maşın alıb, qoyub, villa bağışlayıb, sonra da yaxşı vəzifəyə düzəltdirib. Heç güman etməyin ki, o mühitdə yetişmiş gənc gül-çiçək dərmək işinə baxacaq. Əsla! Canavar ailəsində böyüyən ənik mütləq canavar olacaq.

Beləcə, anlaşılır ki, MTN-in “zirzəmi”sindən salamat qurtarmış iş adamı əslində gələcək quzular üçün gənc canavarın yetişməsinə yardımçı olub.

 

Chosen
0
21
musavat.com

10Sources