Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq.
Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova deyib.
Qurum rəsmisi bildirib ki, mərkəzdə tədrisin və təbliğin geniş səviyyədə təşkili gənc nəsilə muğama sevginin aşılanmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.