EN

La Liqa: Bu gün “El-Klasiko” keçiriləcək

BAKI, 11 may. TELEQRAF

Bu gün futbol üzrə İspaniya La Liqasının XXXV turunda “Barselona” - “Real Madrid” oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, "Olimpiko" stadionunda baş tutacaq matç saat 18:15-də start götürəcək.

“El-Klasiko”da ədaləti Baş hakimi Alexandro Xose Ernandes qoruyacaq.

UEFA Çempionlar Liqasının yarımfinalında İtaliya "İnter"inə uduzaraq (3:4, 3:3) mübarizəni dayandıran Hans Flikin komandası nəhayət ki, bütün diqqətini La Liqaya yönəldə bilər. Kataloniya təmsilçisi sona dörd tur qalmış paytaxt klubundan dörd xal irəlidədir.

"Kral klubu"nun futbolçuları üçün baş məşqçi Karlo Ançelottinin son "El-Klasiko"sunu qazanmaq vacibdir. İtaliyalı mütəxəssisin mövsümün sonunda Madridi tərk edərək Braziliya millisinə keçəcəyi gözlənilir.

Matçda bir çox futbolçular iştirak etməyəcəklər. “Barselona”da Mark Bernal, Jul Kunde və Aleks Balde oyunu buraxacaq. “Real Madrid”ə isə eyni anda dörd müdafiəçi kömək etməyəcək - Dani Karvaxal, Eder Militao, Ferlan Mendi və David Alaba. Həmçinin yarımmüdafiəçi Eduardo Kamavinga da oyunu buraxanlar arasında olacaq.

Qeyd edək ki, cari mövsüm ərzində keçirilən bütün “El-Klasiko”ları “Barselona” qazanıb. Hans Flikin rəhbərlik etdiyi kollektiv İspaniya çempionatında 4:0, İspaniya Super Kubokunun finalında 5:2 və İspaniya Kubokunun həlledici qarşılaşmasında 3:2 hesablı qələbəyə sevinib.

Chosen
0
teleqraf.com

1Sources