Ukrayna və onun avropalı tərəfdaşları Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün yeganə şərt irəli sürüblər - 30 günlük tam atəşkəs...
Əgər Rusiya 30 günlük atəşkəsə razılaşarsa və atəşkəs rejiminin effektiv monitorinqi təmin olunarsa, Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazırdır.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə "Axios" iki məlumatlı mənbəyə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, beş ölkənin – Ukrayna, Fransa, Britaniya, Almaniya və Polşanın liderləri mayın 10-da Kiyevdə “istəklilər koalisiyası”nın görüşündən sonra ABŞ prezidenti Donald Trampa zəng ediblər. Məhz bu 15 dəqiqəlik söhbət zamanı onlar Ukraynanın Rusiya ilə birbaşa danışıqlara hazır olduğunu Trampa çatdırıblar.
Eyni zamanda Avropa liderləri xəbərdarlıq ediblər ki, Putin 30 günlük atəşkəsdən imtina edərsə, Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
"Tramp Ukraynanın atəşkəsi qəbul etməsindən və Rusiya ilə birbaşa danışıqlara razılıq verməsindən məmnun görünürdü", - mənbələrdən biri bildirib.
Başqa bir mənbə Trampın hamının onun təklifini dəstəklədiyini eşitməkdən məmnun olduğunu bildirib.
“İndi biz hamımız Rusiyanın hərəkətə keçməsini gözləyirik”, - mənbə bildirib.
Xatırladaq ki, Kiyevdəki görüşdən sonra Kir Starmer Böyük Britaniya və Fransanın Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və ola bilsin ki, Avropa hərbi kontingentini cəlb etmək üçün “İstəyənlər koalisiyası”nın işinə rəhbərlik etdiyini bildirib.