“Liverpul”un argentinalı yarımmüdafiəçisi Aleksis Makallister İngiltərə Premyer Liqasının aprel ayında ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.
Ötən ay ərzində 26 yaşlı futbolçu milli çempionatda “Liverpul” üçün 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Bu, Makallisterin karyerasında ilk müvafiq təltifdir.
Premyer Liqanın cari mövsümündə ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı isə belədir:
Avqust 2024 – Erlinq Haland (“Mançester Siti”)
Sentyabr 2024 – Koul Palmer (“Çelsi”)
Oktyabr 2024 – Kris Vud (“Nottingem Forest”)
Noyabr 2024 – Məhəmməd Salah (“Liverpul”)
Dekabr 2024 – Aleksandr İsak (“Nyukasl”)
Yanvar 2025 – Castin Kluyvert (“Bornmut”)
Fevral 2025 – Məhəmməd Salah (“Liverpul”)
Mart 2025 – Bruno Fernandes (“Mançester Yunayted”)
Aleksis Makallister “Arxentinos Xuniors” klubunun yetirməsidir. Aleksis 2019-cu ilin qışında “Arxentinos Xuniors”dan “Brayton”a keçib. Makallister “Liverpul”a 2023-cü ilin iyul ayında 42 milyon avro məbləğ müqabilində məhz “Brayton”dan gəlib. Makallisterin “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Makallister “qırmızılar” üçün 48 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.
Makallisterin “qırmızılar” üçün çıxışının ümumi mənzərədi 94 oyun, 14 qol vurub və 13 məhsuldar ötürmədən ibarətdir.
Aleksis Makallister 2019-cu ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 38 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ilə fərqlənib. Aleksis “albiseleste” ilə 2022-ci il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.