EN

“Bakı xəstəxanasının baş həkimiyəm, səni qurtaracağam” - Müharibə dəhşətləri

TÜRKİYƏ, 9 may. TELEQRAF

I Yazı

Stalinin əmri vardı. Müharibədə əsir düşən Sovet əsgərləri “vətən xaini” elan ediləcəkdi. Bu isə həmin əsgərin fiziki olaraq yox edilməsi idi. Amma sürətli alman hücumları qarşısında milyonlarla Sovet əsgəri əsir düşdü, dəhşətli alman düşərgələrində ölümün hər üzünü gördülər. Xatirələrdə nələr yoxdur ki... Qalaq-qalaq yığılmış ölülər və aclıqdan bu ölülərin ətini yeyən bir dəri, bir sümük qalmış dirilər...

Əsir düşən bu milyonların böyük bir qismi düşərgələrdə həlak oldular. Sağ qalanların bir qismi sovetlərə qarşı yaradılan legionlarda təmsil olundular və ya işçi qüvvəsi kimi cəbhə üçün çalışdırıldılar. Müharibədən sonra isə Stalin kabusu yenidən peyda oldu. Yaltada imzalanan müqaviləyə görə almanlara əsir düşən və Avropada qaçqın düşərgələrində yaşayan Sovet vətəndaşları geri tələb edilirdi. Tələb icra olundu. ABŞ, İngiltərə kimi böyük dövlətlər də daxil olmaqla əsirləri ruslara təhvil verməyə başladılar. Tarixə “Drau qətliamı”, “Boraltan faciəsi” kimi düşən hadisələr yaşandı...

Amma Stalinin pəncəsindən qaçanlar da oldu. Yüzlərlə müharibə əsiri İsveçrəyə, ABŞ-yə, Misirə, İordaniyaya, Türkiyəyə gedə bildilər. Xüsusən, Türkiyə dövləti Cövdət Atasaqunun rəhbərliyində Avropadakı qaçqın düşərgələrinə heyət göndərdi, bu ölkəyə gəlmək istəyənlərin siyahısı hazırlandı. Onlar arasında xeyli azərbaycanlı da vardı...

II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə o şəxslərdən birindən bəhs edəcəyik. Səfdər Bakılıdan.

***
Səfdər Bakılı (Türkiyədə Safter Bakülü) ilə bağlı ilk məlumatı təsadüfən quqlda axtarış apararkən əldə etmişdim. Məlum olmuşdu ki, əslən Azərbaycandan olan, II Dünya müharibəsində almanlara əsir düşən, Türkiyənin Manisa şəhərində yaşayan bir şəxs Türk Ocağında qonaq olub, xatirələrini bölüşüb. Sosial media vasitəsilə Səfdər bəyin eyniadlı nəvəsini tapdıq və onunla söhbətləşdik. Təəssüf ki, aradan bir neçə il keçsə də, Manisa şəhərinə yolumuz düşmədi, amma Səfdər bəyin taleyi beynimin bir küncündə aktuallığını qoruyurdu. İstanbul Universitetindəki elmi işim də bu mövzuda olduğu üçün mütləq onun varislərini tapmalı və görüşməliydim. Nəhayət, bu il aprelin 18-də dostum Nicat Qasımla birlikdə İzmirdən avtobusa minərək yaxınlıqdakı şahzadələr diyarı Manisa şəhərinə yola düşdük. Bizə orada bələdçilik edəcək bir dostumuz, həmkarımız da vardı: Cəlal Bayar Universitetinin əməkdaşı Dr. Betül Aydoğan.

Bizi qarşılayan Betül xanım artıq bir gün öncədən Səfdər bəyin oğlu Əhməd bəylə danışmış, onunla görüşü razılaşdırmışdı. Bizi yaşadığı evin həyətində qarşılayan Əhməd bəy bir ağaclığın altında qurulan çay masasında əyləşməyi, açıq havada söhbətləşməyi istədi...
Əhməd bəylə söhbətə uzaqdan başlasam da, gözüm əlindəki qovluqda qalmışdı. Çünki ondan atası ilə bağlı fotoşəkil, sənədlər varsa gətirməsini xahiş etmişdim. Ona görə də öncə qovluqla tanış olduq. Orada Səfdər bəyin uzun illərdən sonra Vətəndə çəkilmiş müxtəlif fotoşəkilləri və haqqında yazılmış bir məqalə vardı. Əhməd bəy atasının xatirə yazdığını, lakin bir hərbçiyə əmanət etdiklərini bildirdi. Dəhşətli müharibənin iştirakçısı olmuş bir azərbaycanlının xatirələrini əldə etməməyin üzüntüsünü yaşasaq da, amma qovluqdakı qəzetdəki məqalə bizi olduqca sevindirdi. Belə ki, zamanında Səfdər bəy mərhum jurnalist, tarixçi, pedaqoq Balaş Abbaszadəyə müharibəyə necə getməsi ilə bağlı bir məktub göndəribmiş. Bu məktubdakı məlumatlar əhəmiyyətli olduğu üçün yazımızın birinci bölümündə Səfdər bəyin öz xatirələrini təqdim etməyi məqbul bilirik. 2004-cü ildə “Sirdaş” qəzetində Balaş bəyin məqaləsində dərc olunan məktubdakı bilgilər bu şəkildədir:

“Ayaqlarım elə şişmişdi ki, çəkməyə sığışmırdı”

“16 yanvar 1942-ci ildə Ağdərə kəndindən ayrılıb Altıağaca, axşam Xızıya, səhərisi Biləcəriyə vardıq. Bir neçə gündən sonra qatarla Armavirə apardılar. Orada qış çox soyuqdu, buna rəğmən bizə köhnə, cırıq əsgər paltarı verdilər. Burada geyinəcək barədə çox sıxıntı çəkirdik. Səhərdən axşama kimi soyuqda, qarın üstündə təlim keçirdik, sonra isə üst-başımız su içində kazarmaya gedirdik. Yaxalanmaq, qızınmaq imkanımız yox idi. Yaş paltarda kürək-kürəyə verib taxtın üstünə uzanırdıq ki, bədənimizin istisindən bəlkə gözümüzə yuxu gedə. Bizə bir adyal belə vermədilər. Üç nəfər iki gün Armavirdə qaldıq, soruşan olmadı ki, kimsiniz, burada nə gəzirsiniz?! İki gündən sonra bizi “Proxladnı”ya apardılar. Burada eşitdik ki, arkadaşlarımız xeyli uzaqdakı zemlyankadadırlar, təlimdən sonra üçümüz də oraya yollandıq, onları tapdıq, öpüşdük, ağlaşdıq, sonra geri qayıtdıq. Axşam geri qayıdanda bizi yenidən vaqonlara mindirib apardılar, haradasa düşdük. Gecə-gündüz yol getməyə başladıq, hara getdiyimizi bilmirdik, amma gedirdik. Qardan, soyuqdan ayaqlarımız şişmişdi. Neçə gün idi ki, yemək yemirdik. Su-çay içmirdik, çantamızdakı suxarılarla dolanırdıq. Ayaqlarım elə şişmişdi ki, çəkməyə sığışmırdı. Elə bilirdim ayaqlarım mənim deyil, mən sanki ayaq əvəzinə şalban daşıyırdım. Vəziyyətimin pis olduğunu görən Fərman çəkmələrimi yırtdı, ondan sonra bir az özümə gəldim. Səhər yolun kənarında bir neçə sınıq-salxaq ev gördük. Mən Fərmandan ayrı düşdüm. Hara getdiyimizi bilmirdik. Yolda başqa əsgərlərlə rastlaşdıq. Bizi uzun müddət dindirdilər, sonra cəbhəyə göndərdilər”.

“Kölə, qul kimi işləməkdən bezmişdik”

“Orlovskidə isə gecə səhərə qədər səngər qazdırır, gündüzlər isə axşama kimi meşənin ətrafına tikanlı məftil çəkdirirdilər. Elə acır, elə yorulurduq ki, ayaq üstdə dayanmağa heyimiz qalmırdı. Kölə, qul kimi işləməkdən bezmişdik. Gündə bir suxarı, axşam isə bir tikə qənd verirdilər. Bunlar da çoxlarına çatmırdı. On gün sonra bizi gecə çağı almanların üzərinə döyüşə göndərdilər; sevindik. Sevindik ki, cəbhə buradan yaxşı olar. Düşündüm ki, orada heç olmasa çoxdan yadırğadığımız yeməyi görərik. Bura lap rəzalət idi. Bizi topladılar, hərəmizə bir beşatılan, beş güllə, iki dənə əl qumbarası verdilər. Komissarlardan biri tapançasını çıxarıb əsgərlərə sarı uzatdı: “Sən komandir rotasan, sən komandir vzvodsan. Kəndi almanlardan almamış, geri qayıdanı özüm güllələyəcəyəm”. Bizi qoyun sürüsü kimi döyüşə göndərdilər, qoyun sürüsü kimi də qırdılar. Mən kənardaydım, güllə baş barmağım tərəfindən ayaqqabımı deşmişdi. 1942-ci il mart ayının 21-də döyüşə girdik, səhərisi almanlara əsir düşdük”.

“Yüzlərlə insan meyiti üst-üstə qalaqlanmışdı”

“Səhəri gün gördüyüm mənzərə ömrümün sonuna qədər yadımdan çıxmayacaq: yüzlərlə insan meyiti üst-üstə qalaqlanmışdı. Meyitləri necə gəldi, bir dərəyə tökdülər. Dərə cəsədlə dolmuşdu. Aradan illər keçsə də, mənə elə gəlir ki, gözümdən axan yaş yanağımı yandırır, içimin sızıltısından indinin özündə də yaxa qurtara bilməmişəm. Biz iki gün yol getdik, yemək-içmək vermədilər. Almanlar at belində gedirdilər, bizsə piyada. Yerdən qar götürüb yemək istəyənləri süngü ilə öldürürdülər, yorğunluqdan dalda qalanları da eyni ölüm gözləyirdi. Bizi bir qəsəbəyə gətirdilər. Allah o günləri düşmənlərimə də göstərməsin. Əsgərlər elə aclıq çəkirdilər ki, meyitlərin ətlərini yeyirdilər. Almanlar insan əti yeyənləri də yerindəcə güllələyirdilər. Jitomir idi, Poltava idi, bilmirəm, orada ağdərəli Bibqulunu tapdım. Sevincimi təsəvvür edə bilərsinizmi?!

Bu görüş mənə elə bil can verdi, yaşamağa ümidimi artırdı. Təəssüf ki, bizi cavan-qoca kimi böləndə ondan ayrı düşdüm. Xoşbəxtlikdən, iki gün sonra yeni əsir dəstəsi gəldi. Onların sırasında xeyli yerlimi tapdım: Salar, Gülağa, Ağacəfər, Fərhad, Ağababa, Ağakərim, Elbəy, Məmməd Məmmədov. Bunların bəzisi ağdərəli, bəzisi Tudardan idilər. Almanlar məni, Ağabalanı, Mamedovu seçdilər. Bir müddət təlim və kurs keçdilər. Sonra hərəmizə bir iş tapşırdılar. Mamedov starşina, Ağabala vzvod komandiri, mən isə adətən vzvod komandiri oldum. Rotamız bir idi, vzvodlarımız ayrı. Daha sonra bir-birimizdən ayrıldıq. Alman qəsəbəsində 2-3 günlük istirahətdən sonra Stalinqrad, Nalçik tərəflərdəki cəbhələrə doğru hərəkət elədik”.

“Bizimlə çarpışanlar arasında azərbaycanlı da ola bilərdi”

“İçimizdə iki hiss vardı: biri sevinc hissi idi, digəri üzüntü. Sevinirdik ki, vətənimizə doğru gedirik, üzülürdük ki, bizimlə çarpışanlar arasında azərbaycanlı da ola bilərdi. Stanitsa adlı bir qəsəbə vardı, gecəni orada qaldıq. Səhər yola düşdük, günorta üstü əmr gəldi ki, geri qayıdın. Təkrar Atamana gəldik, o qışı orada keçirdik. Mart ayının 12-də Kerçə, oradan da Feodosiyaya gəldik. Üzüntülü bir olay yaşadıq. Ağabala özünü tapançası ilə vurub öldürdü. Allah rəhmət eləsin Ağabalaya, onu tatarların qəbiristanlığında torpağa tapşırdıq. Sonra ayrıldıq, yanımda təkcə Gülağa qalmışdı. Burada çox rahat idik. Bir müddətdən sonra məni ştaba göndərdilər. Başqa rotadan gələnlərlə birlikdə 27 nəfər idik. Bizi Simferopol xəstəxanasında yerləşdirdilər, bir nəfəri başqa yerə apardılar. Biz xəstəxananın zirzəmisində qaldıq. 15 gün işıq üzü görmədik. Ac-susuz qaldıq. Zarafatla özümüzə iyirmialtılar deyirdik. 15 gündən sonra xəstəxananın ikinci mərtəbəsinə çıxartdılar. Bir neçə gündən sonra isə əynimizdəki uniformanı çıxartdılar, çox çirkli, cırıq paltar geyindik. Başqa əsirlərlə birlikdə Sevastopola, oradan isə gəmilərə mindirib Kostenkeyə gətirdilər. Yol boyu gəmidəki havasızlıqdan, basabasdan yüzlərlə adam qırıldı. Yolda ayaqqabıları aldılar, əvəzində qovaq ağacından hazırlanmış ayaqqabı verdilər. Taxta ayaqqabıdan ayaqlarım parça-parça olmuşdu. Burada qatara mindik, yolda ölənləri dəfn etmirdilər, fırladıb vaqondan bayıra tullayırdılar. Neçə gün yol getdik, yadımda deyil. Yadımda yalnız Milbek qalıb, oradan bir düşərgəyə apardılar. Möhkəm azarlamışdım. Xəstəlik bir tərəfdən, aclıq bir tərəfdən, yorğunluq da digər tərəfdən məni haldan salmışdı. Öləcəyimə tam əmin idim.

Xəstəliyim elə şiddətlənmişdi ki, düşərgəyə çatar-çatmaz özümdən getdim. Bir də gördüm ki, bir nəfər məni tərpədir, rusca “haralısan, hansı millətdəndən?” deyə soruşur. Mən “Azərbaycan” deyincə bizim dildə “harasındansan?” deyə soruşdu. “Bakılıyam”. Həmin adam dilləndi: “Gözünü aç, mənə yaxşı bax, məni tanımadın? Bakı xəstəxanasının baş həkimiyəm, narahat olma, səni qurtaracağam”.

O adam elə həmin gün məni xəstələrin yanında yerləşdirdi, yemək verdi, bir qarın yemək məni özümə gətirdi. Səhərisi mənə narkoz verərək cərrahiyyə əməliyyatı apardı. 15 gündən sonra yaram sağaldı. Əvvəlcə məni heç yerə buraxmadı, amma 3-4 gündən sonra məni çağırdı və silahlı bir almana təslim edib dedi ki, “narahat olma, yaxşı yerə gedirsən”. Əgər o rus həkimi olmasaydı, elə həmin gün öləcəkdim. Rus da olsa, Allah rəhmət eləsin. Ölmüş olar, çünki elə o vaxt xeyli yaşı vardı. Ona son dərəcə minnətdaram. Yaşamağıma görə yuxarıda Allaha, aşağıda ona borcluyam”.

“Alman usta adımı Stefan qoymuşdu”

“Qatara minib Drezdenə getdik. Şəhər yaxınlığındakı bir düşərgəyə gəldik. Düşərgə meşənin içində yerləşirdi. Orada 46 rus var idi. Onlardan 40-ı dəmir yolunda, 6-sı isə paketləmə sexində işləyirdi. Məni də həmin 6 nəfərə qoşdular. Bu düşərgədə nisbətən yaxşı yemək verirdilər, hətta pomidor, çuğundur da yeyirdik. Əməlli-başlı düzəlmişdim. Yaşlı bir alman ustamız vardı. Biz Atamanda olarkən alman, Azərbaycan zabitləri ziyarət təşkil etmişdilər. Komandir bölük kimi mən də orada idim. Birgə şəkil çəkdirmişdik. Gizlicə şəkli ustaya göstərdim, yenə döyüşə gedəcəyəm, amma bax, ruslar bilməsin ha, yoxsa məni öldürərlər, dedim. Alman usta “Səfdər” deyə bilmədiyindən adımı Stefan qoymuşdu.

Rus əsirlər bayıra əli avtomatlı əsgərlərin nəzarətində çıxarırdılar. Şəkli göstərdikdən sonra mənə etibar daha da artmışdı. Tək, sərbəst, gəzib dolaşırdım. Ruslar məni qısqanmağa başlamışdılar. Düşərgədə yaman yaxşılaşmışdım, düz 84 kilo olmuşdum. Alman usta zarafatla deyirdi ki, “çox pomidor yedin, indi lap donuza dönmüsən”. Mən də öz dilimizdə deyirdim ki, “donuz sənin atandır”. “Nə deyirsən?” soruşurdu, cavab verirdim ki, “sənin sayəndə düzəlmişəm”.

Bir gün məni Xemintze şəhərinə apardılar. Berlindən bir azərbaycanlı yetkili gəlmişdi. Almaniyadakı azərbaycanlıların əksəriyyəti yığışmışdı. Yetkili həmvətənimiz dedi ki, sizin hamınızı əsgərliyə yığacağıq. 5 yanvar 1945-ci ildə məni əvvəlcə Hadmanzdorfa, oradan isə Avstriyanın paytaxtı Vyana şəhərinə apardılar. Bir çox yerləri gəzəndən sonra Zona qəsəbəsində rotamıza birləşdik. Telefon stansiyasında növbətçilik edirdim.

Bir gün gecə saat ikidə Fətəlibəy “məni Ələkbərli ilə birləşdir” dedi. Birləşdirdim, amma özüm də qulaq asdım. Fətəlibəy deyirdi ki, 1-2 günə Avstriya cəbhəsinə getməyimiz haqqında əmr gələcək. Ora getməliyik. İsveçrəyə gedin. Nə edirsən et, amma çalış uşaqların birisinin də burnu qanamasın. Ələkbərli deyilən kimi elədi. Atışmaya da düşdük. Ələkbərli vuruldu, Allah ona rəhmət eləsin! İtalyan əsgərlərin köməyi ilə partizanların yanına gəldik. Nəhayət, 1945-ci il aprelin 21-də İsveçrəyə çatdıq. 20 gün Berlində qalandan sonra hərbi geyimin əvəzinə mülki geyim verdilər”.

“Bizi Sovetlər Birliyinə qaytarmaq istəyirdilər”

“Müharibənin başa çatması xəbərini burada eşitdik. Tez-tez rus generallar gəlir, bizi Sovetlər Birliyinə qaytarmaq istəyirdilər. Biz etiraz edirdik. İsveçrəlilər isə gizlicə bizə deyirdilər ki, narahat olmayın. Sizi zorla apara bilməzlər. Amma tədbirli olun, almanla bağlı nə varsa—forma, silah, şəkil—hamısını məhv edin. Bir gün əmr gəldi, çantalarımızı götürüb vağzala getdik. Rus generalları nə qədər dedilərsə, vaqona minmədik. Ondan sonra bir daha rus generalları bizim yanımıza gəlmədilər. Üç ildən artıq İsveçrədə qaldıq. Bizə seçim təklif elədilər: Argentinanı, Misiri və Türkiyəni. Biz, vətənə yaxın olsun deyə, dili dilimizdən, dini dinimizdən olan Türkiyəni seçdik. Ac da qaldıq, məhrumiyyət də çəkdik, amma azad idik. Azadlığın necə gözəl nemət olduğunu azad yaşamayan heç vaxt bilməz. İşə girdim, ailə qurdum, üç oğlum, 5 nəvəm var. İndi də, yoldaşım da hələlik həyatdayıq. Allaha şükür olsun ki, namərdə möhtac qalmadan keçinirəm... 1945-ci il aprelin 21-də İsveçrəyə keçəndən sonra Xızıdan Qurbanlı Qulam, Gərmiyanlı Yusif, Baxşılılı Nasirlə tanış oldum. Nasir İstanbulda, Qulamla Yusif Manisada rəhmətə gəldilər”.

Səfdər bəyin məktubundakı xatirələr burada bitir. Göründüyü kimi, bir çox azərbaycanlı kimi o da müharibədən sonra Türkiyəyə getməyi daha doğru hesab edib. Yazımızın ikinci qismində Səfdər bəyin başqa xatirələrindən və oğlunun bizə verdiyi məlumatdan bəhs edəcəyik.

Chosen
0
20
teleqraf.com

10Sources