EN

İkinci Dünya müharibəsi dövründə Azərbaycanda 123 növdə silah-sursat hazırlanıb

İkinci Dünya müharibəsində 700 min azərbaycanlı iştirak edib və yarısı geri qayıtmayıb. Onlardan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bu sözləri “Poliqon” jurnalına müsahibəsiondə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Azərbaycanda həmin dövrdə 123 növdə silah-sursat hazırlanıb: ““Katyuşa” yaylım atəşli reaktiv sistem Azərbaycanda hazırlanıb və cəbhəyə göndərilib. Məsələn, Azərbaycanda 45 hərbi hospital fəaliyyət göstərib. Hospitallarda yaralılar müalicə alıblar. Sağalması mümkün olanları sağaldıb cəbhəyə göndəriblər, həlak olanlar burada dəfn olunublar. Onların məzarlıqları bu gün də qorunub saxlanılır və bayramlarda gedib ziyarət olunur. Çoxlarının Azərbaycanda adları əbədiləşdirilib. Amma biz istəyirik ki, onlar hansı şəhərləri faşizmdən azad ediblər həmin yerlərdə də onların adlarına abidələr ucaldılsın. Onların bəzilərində var, bəzilərində yoxdur. Onlar haqqında həm Rusiya Veteranlar Təşkilatına, həm MDB Veteranlar Təşkilatına müraciətlər edirik”

Azərbaycanın altı diviziyasının bu müharibədə iştirak etdiyini xatırladan C.Xəlilov, həmin diviziyaların çox böyük hissəsinin – 95 faizinin azərbaycanlılardan ibarət olduğunu vurğulayıb.

“Burada bizim generallarımız olub, zabitlərimiz olub, qəhrəmanlıq göstəriblər. 416-cı Taqanroq diviziyası Berlinə qədər gedib. Berlində elə ilk bayrağı sancanlardan biri də azərbaycanlı olub. Bu, tarixi faktdır.

Məsələn, çoxlarını da gizlədiblər, ermənilər imkan verməyiblər ki, azərbaycanlılar ən yüksək adlara layiq görülsünlər, ordenlər alsınlar. Ziya Bünyadova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı yazıblar. Ancaq bu da gizlədilib. SSRİ dağılan ərəfədə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı verilməsi sənədini tapıblar. Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı alması üçün SSRİ dağılmağa bir həftə qalmış qol çəkdiriblər.

Bizim alimlərimizin həmin dövrdə cəbhəyə verdiyi töhfə az deyil. Xüsusən, Yusif Məmmədəliyev tərəfindən, həmin dövrdə orduya böyük köməyi olan yüksək oktanlı benzin hazırlanıb. Bu benzin təyyarələrdə istifadə olunub”, – deyə sədr qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda silah-sursatların, geyim formalarının, yüngül texnikaların hazırlanaraq cəbhəyə göndərilməsi həyata keçirilib: “Azərbaycanda olan bütün zavodların hərbi vəziyyət rejimə keçirilməsi üçün həmin dövrdə xüsusi əmrlər olub. Azərbaycandakı zavodlar hərbi texnika hazırlamağa keçiblər və cəbhəyə lazımi dərəcədə köməklik göstəriblər”.

Chosen
0
poliqon.az

1Sources