EN

Qan xəstəliyi...

Beynəlxalq Talassemiya Günüdür

Elə xəstəliklər var ki, anadangəlmədir. Belə xəstəliklər arasında talassemiyanı xüsusilə qeyd etmək yerinə düşər. Talassemiyada irsi faktorlar, həmçinin qohum evlilikləri də mühüm rol oynayır.

Məlumdur ki, irsi qan xəstəliyi olan talassemiya dünyanın bütün ölkələrində geniş yayılıb. Yeri gəlmişkən, bu gün - mayın 8-i Beynəlxalq Talassemiya Günüdür.

Talassemiya nədir?

Talassemiya qan xəstəliyidir. Qırmızı qan hüceyrələrinə təsir göstərən pozğunluqdur. Qanın içərisindəki oksigeni daşıyan hüceyrələr sümüklərin içərisində yaranır. Bunlar isə hemoqlabin adlandırılan molekul tərəfindən daşınır. Bunlar pozulanda isə oksigen çatmır və qansızlıq yaranır.

Simptomları...

Talassemiyanın simptomları müxtəlifdir. Ən çox rast gəlinən simptomlar isə bunlardır: Sümük deformasiyaları, tünd rəngli sidik, inkişafın gecikməsi, daimi yorğunluq, sarı və ya solğun dəri.

İki nəfər talassemiya daşıyıcısı evlənərsə...

Qohum nikahların genetik xəstəlikləri artırması faktdır. Araşdırmalar müəyyən edir ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.

Talassemiya daşıyıcılarının bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar özlərini sağlam hiss etsələr də, xəstəliyin əlamətlərini uşaqlarına irsən ötürürlər. Əgər xəstəliyin daşıyıcıları olan iki nəfər bir-biri ilə evlənibsə, onda övladlarında talassemiyanın çox ağır forması hesab edilən “böyük talassemiya” inkişaf edir. Qeyd edək ki, hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar.  Belə olan halda qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksək olur. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksəkdir. Yəni, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktorlardan biridir. Genetik xəstəliklər arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Azərbaycanda vəziyyət...

Talassemiyanın geniş yayıldığı ölkələr sırasında Azərbaycan da var. Hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Ümumilikdə isə əhalinin hər 12 nəfərindən biri xəstəliyin daşıyıcısıdır. Xəstəliklə bağlı ən çox müraciətlər isə Zaqatala, Şəki, Oğuz, Qəbələ. Ağdaş, Kürdəmir, Masallı, Lənkəran, Sabirabad rayonlarındandır. Həmin bölgələrdə talassemiya daşıyıcılarının çoxluğu nəticəsində xəstə uşaqların doğulması riski də daha çoxdur.

Ölkəmizdə son illər talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Yeganə BAYRAMOVA

1Sources