EN

“Philips” ABŞ-yə görə 300 milyon avroya qədər itki gözləyir


Niderlandın texnoloji şirkəti “Philips” hesablayıb ki, ABŞ Prezidenti Donald Trampın açıqladığı tariflər 2025-ci ildə 300 milyon avroya qədər mənfəət itkisi ilə nəticələnəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin 2025-ci ilin birinci rübü üzrə işinin yekunlarına dair rəsmi saytında dərc olunmuş hesabatında deyilir.
“Mövcud qeyri-müəyyən makroiqtisadi mühitdə “Philips”in 2025-ci il üçün tam illik təlimatı bu günə qədər açıqlanan tariflərin gözlənilən təsirini nəzərə almaq üçün yeniləndi”, - press-relizdə deyilir.
Söhbət ABŞ və Çinin bir-birinə qarşı elan etdiyi ticarət tədbirlərindən gedir. ABŞ-nin digər ölkələrə tətbiq etdiyi dayandırılmış tariflərinin də iyulun 9-da qüvvəyə minməsi gözlənilir. “Philips” hətta şirkətin təsirləri azaltmaq üçün göstərdiyi “əhəmiyyətli səylərdən” sonra belə “tarif təsirlərinin 250-300 milyon avro olacağını” gözləyir.
“Biz nəzarət edə biləcəyimiz şeylərə diqqət yetirmişik. Biz təchizat zəncirlərimizin çevikliyini artırırıq və mümkün olan yerlərdə tariflərin maliyyə təsirini azaltmaq üçün həlledici tədbirlər görürük”, - şirkətin baş direktoru bildirib.
Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan sonra Amerika lideri müəyyən ölkə və ərazilərə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Ev izah etdi ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində “10%-lik universal tarif” qüvvədə olacaq.
Chosen
0
yeniavaz.com

1Sources