EN

Yataqda kişini bıçaqlayan 18 yaşlı qız: "Mənimlə zorla cinsi əlaqədə olmaq istəyirdi"

Bakıda sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tamerlan Əvəz oğlu ifadə verib.
 
O, təqsirləndirilən şəxsi tanısa da, zərərçəkmiş Fərid Hüseynzadə ilə tanışlığı olmadığını bildirib:
 
"Səbinəni kafedə ofisiant işləyəndən tanıyırdım. Cinayəti törədəndən sonra yanıma gəlmişdi, amma cinayəti törətməsindən xəbərim olmayıb. Dedi ki, mənimlə zorla cinsi əlaqədə olmaq istədi, razı olmadım. Buna görə mübahisə yarandı. Fərid onu döyüb. O da Fəridi vurub. Mənə hadisəni Səbinənin özü danışmışdı".
 
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edib ki, Səbinə Vəliyeva düşüncə baxımından oğru aləminə yaxın adam olub. Fəridi vurduğunu desə də, buna inanmayıb.
 
Məhkəmədə prosesə gəlməyən şahidlərin barəsində məcburi gətirilmə qərarı qəbul edilib.
 
İttihama görə, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
 
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, o, sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü il yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib.
 
Çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib.
 
S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.
Chosen
0
1
moderator.az

2Sources