“Qonşu ölkələrin təcrübəsi göstərir ki, kazino sahəsi düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
İqtisadçı beynəlxalq təcrübədə kazino sahəsinin inkişafından söz açaraq qeyd edib:
“Məsələn, Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı.
Bəs kazinolar bizə nə verə bilər, nəyi əlimizdən ala bilər?
Azərbaycana gələn turistlərin 80 faizi Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər. Hotel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər.
Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullarını leqallaşdıra bilər. Amma əgər kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir”.
O, bildirib ki, risklər də nəzərə alınmalıdır:
“Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur.
Buna görə də bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır. Oynayan şəxslərin məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s.) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır.
Beləliklə, əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevriləcək. Nəticədə dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq”.